Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında yalnız iki əvəzolunmaz futbolçu çıxış edib.
Apasport.az saytının məlumatına görə, bu oyunçuların ikisi də “Keşlə”nin üzvüdür.
Moldovalı qapıçı Stanislav Namaşko və syerra-leoneli legioner Con Kamara arxada qalan 14 turun hamısında əvəzolunmadan iştirak edib. Onlar 1260 dəqiqə meydanda olublar.
Düzdür, hələ mövsümün II dövrəsi başa çatmayıb. Amma indidən bu iki futbolçunun rekordunun əlçatmaz olduğu bəllidir.
Çünki 13 turdan sonra əvəzolunmaz 4 futbolçu var idi. Onlardan ikisi – S.Nanaşko və C.Kamara iki gün öncə “Qarabağ”la matçda da 90 dəqiqə meydanda olub.
Digər iki futbolçunun komandası isə bu gün Sumqayıtda üz-üzə gələcək. Lakin Amin Seydiyev (“Qəbələ”) və Mehdi Cənnətov (“Sumqayıt”) cəza üzündən turu buraxacaq. Bu səbəbdən də onların əvəzolunmazlığı başa çatacaq.