12, 12, 12 olacaqmı?
27.05.2014 - 14:47
12, 12, 12 olacaqmı?

Sabah ABŞ millisi ilə keçiriləcək yoxlama oyunu Azərbaycan yığmasının tarixində 205-ci qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk matçını 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirən komandamız Kaliforniyanın San-Fransisko şəhərindəki görüşədək 204 oyuna çıxıb.

İndiyədək 38 qələbə qazanan millimiz 55 dəfə heç-heçə ilə kifayətlənib. Komandamız 111 dəfə meydanı başıaşağı tərk edib. Futbolçularımız millinin oyunlarında 146 dəfə rəqib qapısına yol tapıblar. Bu qarşılaşmalarda yığmamızın qapıçıları 346 topun buraxılmasına üzülüb. Okeanın o tayındakı görüşdə millimiz top fərqindəki “-200”ü azaltmağa çalışacaq.

2014-cü ilin 2-ci qarşılaşması yığmamızın yoldaşlıq görüşləri və yoxlama xarakterli turnirlərdə 107-ci oyunu olacaq. 29 qələbə qazandığımız belə görüşlərdə yubiley qeyd etmək üçün Berti Foqtsun yetirmələri Şimali Amerikada qalib gəlməlidir. Yoxlama matçlarının 36-da heç-heçə qeydə alınıb, 41 dəfə isə qalib gələn rəqib olub. 98 dəfə rəqib qapılarına yol tapan yığmamız 2 dəfə fərqlənməklə 100-ə də çata bilər. Qapıçılarımız isə 132 top buraxıb.

Bu görüş millimizin 68 yaşlı baş məşqçisi Berti Foqtsun postunda 66-cı oyunu olacaq. 6 ildir yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 65 qarşılaşmada komandanın “sükanı arxasında” olub.

Bu görüşlərdə futbolçularımızın 15 qələbəsi, 21 heç-heçəsi və 29 məğlubiyyəti var. Foqts 54 qolun sevincini yaşayıb. Rəqiblər isə millimizin qapıçılarını 88 dəfə məyus edib. Əvvəlki 65 görüşün 35-i yoxlama matçı olub. Bu matçlarda 12 heç-heçəsi və eyni sayda - 12 məğlubiyyəti olan yığmamız 11 qələbə qazanıb. Hər üç rəqəmin eyniləşməsi üçün yığmamız ardıcıl 2-ci qələbəsini qazanmalıdır. Yoxlama oyunlarında almaniyalı 33 dəfə yetirmələrinin, 37 dəfə rəqiblərin qolunu görüb.

 

İlk dəfə millimizlə görüşəcək ABŞ yığması 64-cü rəqibimizdir. Komandamız indiyədək 63 milli ilə qarşılaşıb. Hondurasla Trinidad və Tobaqodan sonra Amerikadan 3-cü rəqibimiz olacaq.