Topaz Premyer Liqasının oyunlarını idarə edən hakim və hakim-köməkçiləri 2014/15 mövsümünün ikinci yarısına hazırlıqlara start verib. Apasport.az saytının məlumatına görə, bu gün Türkiyəyə yollanan ədalət təmsilçiləri Antalyada təlim-məşq toplanışına başlayıblar.
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərliyi altında hazırlıq keçən 38 hakimdən 18-i referi, 20-si laysmandı. Qonşu ölkədə bir sıra yoxlama oyunlarını idarə edəcək həmyerlilərimiz artıq ilk qarşılaşmaya da çıxıblar.
Belə ki, Antalyaya çatdıqdan bir neçə saat sonra azərbaycanlı hakimlər 2015-ci ilin ilk təyinatını alıblar. Fariz Yusifovun başçılıq etdiyi briqada Topaz Premyer Liqasında çıxış edən “Simurq”un Qazaxıstan “Şaxtyor”u ilə matçını idarə edib. Azər Əsgərov və İsgəndər Əliyevin də təyinat aldığı qarşılaşmada təmsilçimiz 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, hakimlərin toplanışı yanvarın 27-dək davam edəcək.