3 oyun, 6 cəzalı
02.04.2015 - 13:26
3 oyun, 6 cəzalı

Topaz Premyer Liqasının XXVII turunun ilk oyun günü 6 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının hesablamalarına görə, keçirilən 3 görüşdən ikisinin nəticələri oyunçular üçün ağır olub.

 

Belə ki, əyalətdə baş tutan hər iki qarşılaşmada göstərilən sarı vərəqələr diskvalifikasiya ilə nəticələnib. “Simurq”un AZAL-ı 1:0 hesabı ilə udduğu görüşdə meydan sahiblərinin 2, qonaqların 1 üzvü belə vəziyyətə düşüb. Samir Zərgərovla Draqan Çeran “Simurq”un, Orxan Lalayev isə AZAL-ın növbəti matçını buraxacaq. Onların hamısı 4-cü dəfə cəzalanıb.

 

“Xəzər Lənkəran”la “Sumqayıt”ın oyununda da (3:2) 3 futbolçu “qırmızı işığ”a düşüb. Sadio Tounkara ilə Alrfed Sanko meydan sahiblərinin, Bəxtiyar Həsənəlizadə isə qonaqların heyətində cəzalı duruma düşməsinə səbəb olan sarı vərəqəni alıb. Alfredlə Bəxtiyar 8-ci, Sadio 4-cü dəfə xəbərdarlıq aldığı üçün bu halla üzləşib.