[b]40, 60, yoxsa 120?[/b]
12.10.2015 - 23:01
[b]40, 60, yoxsa 120?[/b]

Bu gün AVRO-2016-nın seçmə mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, səfərdə Bolqarıstanla keçiriləcək oyun Azərbaycan yığmasının tarixində 218-ci qarşılaşma olacaq.

 

İlk görüşünü 1992-ci ilin sentyabrın 17-də rəqib meydanında Gürcüstana qarşı keçirən (3:6) komandamız 23 il ərzində 217 matçda qüvvəsini sınayıb. Yığmamız indiyədək 39 qələbə qazanıb, 59 dəfə heç-heçə ilə kifayətlənib. 40-cı qələbə və ya 60-cı heç-heçənin astanasında olan millimiz 120-ci dəfə yenilə bilər. İndiyədək 119 dəfə meydanı məğlub tərk edən komandamız bu görüşlərdə 154 dəfə rəqib qapısına yol tapıbsa, rəqibləri 371 dəfə fərqlənib.


2015-ci ildə 7-ci qarşılaşmaya çıxacaq komandamız ardıcıl 6 oyunda qələbə qazana bilməyib. Martın 28-də evdə Maltaya 2:0 hesabı ilə qalib gələn yığmamız 199 günlük həsrətə son qoymağa çalışacaq.

 

Bu matç həm də millinin baş məşqçisi Robert Prosineçkinin bu postda 7-cı sınağıdı. İndiki vəzifəsində 2015-ci ildə debüt edən xorvatiyalı mütəxəssis 1 qələbə , 3 heç-heçə və 2 məğlubiyyətə şahid olub. Komandamız həmin görüşlərdə 6 qol vurub, 9-nu buraxıb. Seçmə mərhələdə isə Prosineçki ilə 5 matç keçirən millimiz 5 qol vurub və 5-ni buraxıb. Bu matçlarda 1 qələbə və 1 məğlubiyyəti olan yığmamız 3 dəfə 1 xal qazanıb.

 

Komandamız seçmə mərhələlərdə ümumilikdə 108-ci oyuna çıxacaq. İlk belə matçını 1994-cü ildə, AVRO-1996-nın seçmə mərhələsi çərçivəsində Rumıniyaya qarşı (0:3) keçirən millimiz əvvəlki 107 oyunda 10 qələbə qazanıb, 22 heç-heçə edib, 75 dəfə uduzub. Seçmə oyunlarda 55 qol vuran futbolçularımız 230 top buraxıb.

 

Avropa çempionatlarının 60-cı, yubiley seçmə oyunu öncəsi 6 qələbə və 9 heç-heçəyə sevinən azarkeşlərimiz 44 məğlubiyyət acısı yaşayıb. 36 qol vuran futbolçularımız qitə çempionatı yolunda 145 top buraxıb.

 

Qeyd edək ki, Bolqarıstan - Azərbaycan oyunu oktyabrın 13-də Sofiyada keçiriləcək. Vasil Levski stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.