“Bu oyun bir daha göstərdi ki, biz düz yoldayıq. AZAL ən yaxşı oyunlarından birini keçirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Topaz Premyer Liqasının XXII turunda “Qəbələ”yə uduzduqları (1:2) matç haqqında fikirlərini bildirən Sadıqov qələbəyə layiq olduqlarını söyləyib: “Ağır oldu. Qələbəyə layiq idik. Heyf ki, qol vurduqdan sonra nəticəni saxlaya bilmirik. Bu, futbolçuların ustalıq səviyyəsindən irəli gəlir. Qol imkanları yaradırıq. Amma qol vurmağa çətinlik çəkirik. Rəqib futbolçuların üstünlüklərini bilə-bilə, onların qarşısını ala bilmədik. Bu gün “Qəbələ”dən qat-qat üstün oynadıq”.
Qeyd edək ki, AZAL Şüvəlanda keçirilən ilk oyunda da “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlsə də, sonradan rəqibindən 2 top buraxaraq məğlub olmuşdu. Sonuncu qələbəsini XVIII turun “Neftçi” ilə oyununda qazanan “təyyarəçilər” 2014-cü ildə keçirdiyi 4 qarşılaşmada qalib gələ bilməyib.