21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası baş məşqçisi Bernard Lippertə yubiley bəxş edə bilər. Apasport.az saytının məlumatına görə, AVRO-2015-in seçmə mərhələsinin bu gün İsraillə keçiriləcək oyununda qazanılacaq qələbə almaniyalı üçün 5-ci olacaq.
Komandadan ayrılacağını açıqlayan Lippert 5-ci qələbə sevincini son ev oyununda yaşaya bilər. Bu qarşılaşma onun U-21-də 26-cı qarşılaşması kimi tarixə düşəcək. Əvvəlki 25 matçda almaniyalı 4 qələbə, 5 heç-heçə və 16 məğlubiyyət görüb. Onun yetirmələri 21 qol vurub, 53-nü buraxıb. Bütün bu göstəricilər yalnız seçmə oyunlarına aiddir.
Ümumilikdə isə İsraillə oyun seçmə mərhələlərdə yığmamızın keçirdiyi 81-ci matç olacaq. Hesabında cəmi 8 qələbə və 13 heç-heçə olan millimiz 59 dəfə uduzub. Bu qarşılaşmalarda futbolçularımız 40 top vurub, öz qapısından 188-ni buraxıb.