Bu gün Avropa Liqasının cavab görüşlərinə start veriləcək. Apasport.az saytının xəbərinə görə, saat 21:00-da başlayacaq qarşılaşmada Moldova “Tiraspol”unu qəbul edəcək “İnter”in görüşü daha çox hadisə ilə yadda qala bilər.
Paytaxt təmsilçisi qitə miqyaslı turnirlərdə 10-cu qələbəsini qazanmağa yaxındı. Hesabında 21 oyundan 9 qələbə, 6 heç-heçə və eyni sayda məğlubiyyət olan “bankirlər” qalib gəlsələr, yubiley qeyd edəcəklər.
Avrokuboklar tarixində qələbəsi məğlubiyyətindən, vurduğu top buraxdığından çox olan yeganə Azərbaycan klubu qol sayında da yubileyə nail olmağa yaxındı. 24 qol vuran və 21-ni buraxan “İnter”in bu axşam rəqib qapısından keçirdiyi ilk top 25-ci olacaq.
Təmsilçimiz mərhələ adlasa, bu uğur komandanın qitə kuboklarında 5-ci belə nəticəsi olacaq. Komanda 2004/05, 2008/09, 2012/13, 2013/14 mövsümlərinin hərəsində 1 mərhələ keçib.
“Şəfa”da qeydə alınacaq qələbə həm də Azərbaycan klublarının avrokuboklarda ümumilikdə 50-ci zəfəri olacaq. Təmsilçilərimizin keçirdiyi 192 oyunda azarkeşlərimiz 49 qələbənin sevincini yaşayıb. “İnter”, onlar qazanmasa isə “Qəbələ” rəqibini üstələsə, bu rəqəm 50-yə çatacaq.
Təmsilçilərimizdən birinin qələbəsi 50-ci olacaqsa, məğlubiyyəti də 100-cü kimi tarixə düşəcək. Belə ki, indiyədək klublarımız 44 heç-heçə ilə yanaşı 99 məğlubiyyət alıb.
Qeyd edək ki, Azərbaycan klubları 158 qol vurubsa, rəqibləri 325 dəfə fərqlənib.