“Rəvan”la oyunda hakimi söyməyim doğru deyil. Sadəcə, etirazımı bildirmişəm”. Bunu apasport.az saytına “Bakı” klubunun meneceri Vüqar Əliyev deyib.
Azərbaycan Kubokunun 1/8 final mərhələsində baş tutan “Rəvan” – “Bakı” matçı ətrafında söz-söhbət səngimək bilmir. Əliyar Ağayevin havanın soyuq olması ilə bağlı oyuna əlavə vaxt artırmamağı qonaq komandanın ciddi etirazına səbəb olmuşdu.
Həmin görüşdəki etirazçılardan biri olan Vüqar Əliyev AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq diskvalifikasiyaya məruz qalıb. Səbəb kimi isə onun qarşılaşmadan sonra hakimlər briqadasını təhqir etməsi göstərilib.
Lakin komandanın meneceri bu qərarın doğru olmadığını söyləyib: “Barəmdə verilən qərardan məlumatlıyam. Nə deyim, hörmətlə yanaşıram. Amma təhqirdən söhbət gedə bilməz. Hakimin idarəçiliyi ilə bağlı bir iradım yox idi. Hamı kimi, matça əlavə vaxtın artırılmamağı mənim də narazılığıma səbəb olmuşdu. Çünki ikinci hissədə oyun bir neçə dəfə dayanmışdı. Mən yalnız şiddətli etiraz bildirmişdim. Söyüş söyməmişəm. Bunu təsdiqləyəcək şahidlərim də var”.
Qeyd edək ki, Vüqar Əliyevin bu hərəkətinə görə, “Bakı” klubuna 500 manat məbləğində cərimə də kəsilib.