Topaz Premyer Liqasının XXI turunda “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” (2:0) qələbə qazansa da, xoşagəlməz hadisələr də baş verdi. Belə ki, oyun başa çatdıqdan sonra paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədov yetirmələrinə qələbə sevincini azarkeşlərlə bölüşmək üçün onların yer aldığı tribunaya yollanmağı tapşırdı. Amma meydana sonradan daxil olan Rauf Əliyev baş məşqçinin bu tapşırığına əməl etmədi. Matçdan sonra apasport.az saytının əməkdaşının cavablandıran hücumçu həm oyun, həm də baş verən hadisə haqda danışdı.
- “Neftçi”nin heyətində ilk rəsmi qələbənin iştirakçısı oldunuz. Sabiq komandanızla duel haqda nə deyə bilərsiniz?
- İkinci hissəyə yaxşı başlamamışdıq. Son oyunlardakı uğursuz nəticələrin ardından bu gün qələbə qazanmağımız yaxşı oldu. Bu qələbə sayəsində tilsimi qırdığımızı düşünürəm. Çalışmalıyıq ki, bunun davamı gəlsin.
- Meydana sonradan daxil oldunuz və heç nə ilə yadda qalmadınız. Niyə belə alındı?
- Matçın başa çatmasına 10 dəqiqə qalmış meydana çıxdım. Artıq hər şey həll edilmişdi. Qollar vurulmuşdu, hesab xeyrimizə idi. Həm də az vaxt qalmışdı. 10 dəqiqə meydanda olan futbolçu necə gözə dəyə bilər?
- Özünüz də sanki qaçmaqda, mübarizə aparmaqda maraqlı deyildiniz. Bəlkə sizi meydana gec buraxdığına görə, baş məşqçiyə etirazınızı bildirirdiniz?
- Xeyr, elə bir şey yox idi. Həm də mən olan tərəfə top da gəlmirdi ki, hərəkət edim, mübarizə aparım.
- Görüş bitdikdən sonra baş məşqçi futbolçulara azarkeşlər əyləşən tribunaya tərəf getməyi və qələbə sevincini onlarla bölüşməyi tapşırsa da, siz buna əməl etmədiniz, paltardəyişmə otağına yollandınız. Niyə azarkeşlərlə görüşməyə getmədiniz?
- Bunun kökündə ciddi nəsə durmur. Oyun bitən zaman paltardəyişmə otağına yaxın yerdə idim. Final fiti səsləndiriləndə ordan otağa yollandım. Bu qədər.
- Bəlkə “Xəzər Lənkəran”dan gəldiyiniz üçün bu addımı atmadınız?
- Elə bir şey yoxdu. Mənim azarkeşlərlə münasibətim yaxşıdı. Niyə getmədiyimi izah etdim.
- Bu qələbədən sonra hansısa ciddi irəliləyiş gözləmək olarmı?
- Uğursuzluqdan çıxmaq üçün buna ehtiyacımızı var idi. Artıq bu qələbənin davamını gətirməliyik. İnşallah, bunun öhdəsindən gələrik.
- Amma lider “Qarabağ” fasilədən sonra yüz faizlik nəticə ilə irəliləyir...
- Biz sona qədər mübarizə aparacağıq. Çempionatın sonuna hələ çox var. Çox şey dəyişə bilər.
- Oyun planında hələ də gözlənilən futbolu sərgiləyə bilmirsiniz. Niyə?
- O da düzələcək. Uşaqlardakı gərginliyi, stressi götürmək üçün 3 xal vacib idi. Bunu etdik.
- Daim əsas heyət üzvü olmusunuz. “Neftçi”də ehtiyatda qalmağınız sizdə psixoloji gərginlik yaratmır?
- İnşallah, yenə əsas heyətdə oynayaram. Bunun üçün çalışıram.