[b]İngiltərə, İtaliya və Türkiyə futbolçuları üçün əlçatmaz azərbaycanlı[/b]
02.12.2015 - 15:43
[b]İngiltərə, İtaliya və Türkiyə futbolçuları üçün əlçatmaz azərbaycanlı[/b]

“Lester”in hücumçusu Ceymi Vardi İngiltərə futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı forvard son 11 matçın hamısında fərqlənərək, yeni rekord müəyyənləşdirib.

 

O, bununla İngiltərə Premyer Liqasında ardıcıl qol vurmaqda rekordçu olan Rud van Nistelroyu geridə qoyub. Vardinin növbəti hədəfi isə İngiltərə rekordudu. Hücumçu qarşıdakı 4 matçda da fərqlənə bilsə, İngiltərənin bütün liqalarında ardıcıl qol sayında rekorda şərik olacaq. Hazırda bu rekord Stan Mortensenə məxsusdu. O, 1950/51 mövsümündə ardıcıl 15 qarşılaşmada rəqib qapıçılarını məyus edib.

 

Ümumiyyətlə, ən yüksək göstərici “Barselona”nın lideri Lionel Messiyə məxsusdu. Argentinalı 2012/13 mövsümündə La Liqanın ardıcıl 21 turunda qol vurmağa müvəffəq olub. “Böyük beşlik” ölkələrindən ikinci belə yüksək nailiyyət Herd Müllerdədi. Almaniya futbolunun əfsanəsi 1969-cu ilin sentyabrından 1970-ci ilin martına qədər Bundesliqada keçirilən 16 görüşün hamısında adını tabloya yazdıra bilib.

 

Fransa Liqa 1-də bu baxımdan Serge Masnagettiyə (“Valensyenn”) çatan yoxdu. O, 1962/63 mövsümündə ard-arda 13 oyunda qol vurmağı bacarıb. İtaliya A seriyasında isə Qabriel Batistuta hələ də əlçatmazdı. Argentinalı “Batiqol” 1994/95 mövsümündə ardıcıl 11 qarşılaşmada fərqlənib.

 

Azərbaycan çempionatları tarixində Yunis Hüseynov mütləq rekordçudu. 50 yaşlı mütəxəssis Azərbaycanın birinci müstəqil çempionatının ilk 12 oyununun hamısında qol vurub. 1992-ci il mövsümünə təsadüf edən həmin seriya zamanı Hüseynov 15 dəfə toru silkələyib.

 

Yunis Hüseynov bu baxımdan təkcə İngiltərə Premyer Liqa və İtaliya A seriyasındakı futbolçuları yox, Türkiyə Superliqasındakı bütün oyunçuları da qabaqlayır. Türkiyədə Mətin Oktayın 1962/63, Saffet Sancaklının isə 1995/96 mövsümündə vurduğu 9 qolluq rekord hələ də yenilənməyib.