Dünya və Avropa çempionu: Bəxtimiz gətirdi
13.12.2014 - 14:41
Dünya və Avropa çempionu: Bəxtimiz gətirdi

“Çətin oyun oldu. “Almeriya”nın bu cür müqavimət göstərəcəyini gözləmirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Madrid “Real”ının qapıçısı İker Kasilyas deyib.

 

İspaniya La Liqasının XV turu çərçivəsində “Almeriya” ilə qarşılaşan “Real” 4:1 hesablı səfər qələbəsi qazanıb. Halbuki 80-ci dəqiqəyə qədər qonaqlar cəmi 1 top fərqi ilə öndə olublar və “Almeriya” rəqibinə layiqli müqavimət göstərib. Komandasının qələbəsində əsas pay sahiblərindən biri olan Kasilyas bəxtlərinin gətirdiyini etiraf edib. Dünya və Avropa çempionu rəqib haqda müsbət fikirlər səsləndirib: “Əgər 2:1 hesabı ilə öndə olduğumuz vaxt qapımızdan top buraxsaydıq, meydanda başqa oyun gedəcəkdi. Yaxşı ki, matçın sonlarında lazım olan qolları vura bildik. Cari mövsümdə ən çətin görüşlərimizdən biri idi. Həqiqətən də, bəxtimiz gətirdi. Amma hər komandanın bəxtə ehtiyacı olur. "Almeriya" sona qədər mübarizə apardı. Ümumilikdə isə güclü tərəf “Real” idi”.