Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün “Admira” (Avstriya) ilə qarşılaşacaq “Kəpəz” klubunun qapıçısı Tadas Simaitisin apasport.az saytına müsahibəsi
- Bu gün komandanızın avrokuboklardakı taleyi həll olunacaq. Oyuna hazırsınızmı?
- Təbii ki, çətin olacaq. Çünki ilk görüşdə 0:1 hesabı ilə uduzmuşuq. Biz həm buraxdığımız qolun əvəzini çıxmalı, üstəlik, mərhələ adlamağımıza imkan verəcək növbəti qolu vurmalıyıq. Hamı uğurlu nəticə qazanmaq haqda düşünür. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyimizə hər kəs əmin ola bilər.
- Amma bu hesabla məğlubiyyətin revanşını almaq asan deyil...
- Razıyam. Ancaq nəzərə alın ki, biz böyük hesabla da uduzmamışıq. Onlar bizə qol vurduqları kimi, biz də onları məyus edə bilərik. Çətin olacağını heç kim danmır.
- Sizi sabah 90 yox, 120 dəqiqəlik mübarizə də gözləyə bilər. Fiziki planda axsayan komandanızın buna gücü çatacaqmı?
- Hazırıq. Ümid edirəm ki, 120 dəqiqə oynamağa ehtiyac qalmayacaq. Mərhələ adlaya biləcəyimiz hesabı 90 dəqiqədə təmin edəcəyik.
- Penaltilər seriyasına keçilsə, qarşılaşmanın qəhrəman ola bilərsiniz?
- Bütün situasiyalara hazırıq. Penaltilər seriyası elə mərhələdi ki, burda ən yaxşı komanda uda da bilər, uduza da. Bəzən elə futbolçular penaltini vura bilmir ki... Və ya əksinə, elə qapıçılar məyus anlar yaşayır ki... Öz üzərimə düşəni edəcəm.
- Havanın isti olması işləri korlamayacaq?
- Rəqibə nisbətən biz daha çox öyrəncəliyik. Çünki neçə vaxtdı məşqlərimizi burda keçirik, hava şəraitinə uyğunlaşmışıq. Ancaq onlar oyundan cəmi bir gün əvvəl gəliblər. Fikrimcə, bizim üçün daha yaxşı olacaq. Onların bu hava şəraitində oyun praktikası azdı.
- Rəqibin zəif və ya güclü tərəfləri hansılardı?
- “Admira” haqda xoş sözlər demək olar. Aqressiv oyun üstünlük verirlər. Fiziki və taktiki baxımdan hazırlıqlı komandadı. Biz onlara qarşı pressinq tətbiq etməli, mümkün qədər sürətli hücumlar qurmalıyıq. Birinci oyunda belə imkanımız oldu, yüz faizlik qol şansını qaçırdıq. Bu dəfə belə etməməliyik.
- Komanda olaraq qələbə qazanmağa inamınız varmı?
- Təbii ki, inanırıq. İnamsız meydana çıxmaq olmaz. Qələbə bizim olacaq. Rəqibə hörmətlə yanaşırıq, çətin olacağını bilirik. Eyni zamanda onlara fürsət verməməliyik.