Dünya çempionatlının yarımfinal mərhələsinin Braziliya – Almaniya oyunu bütün dünyada əks-səda doğurub. Apasport.az saytının məlumatına görə, Bundestimin 7:1 hesablı qələbəsi həm meydanda olanların, həm də futbol dünyasının tanınmış simalarında maraqlı təəssüratlar yaradıb.
Hətta digər sahələrdə çalışanlar da Braziliyanın darmadağınına biganə qalmayıblar.
Dieqo Maradona, futbol əfsanəsi: “1 Almaniya millisi təxminən 2 Braziliya yığmasına bərabər idi. Bu matç daha çox uşaqlarla oynamağa bənzəyirdi. Braziliyalılarda heç nə alınmırdı”.
Luis Felipe Skolari, Braziliya millisinin baş məşqçisi: “Neymar hücumçudu. O da belə fantastik komandaya qarşı necə müdafiə olunmağı bilmir”.
Volfqanq Nirsbax, Almaniya Futbol İttifaqının prezidenti: “Braziliya ilə matç tarixi oyun idi. Mümkünsüz nağılabənzər nailiyyətdi. İndi biz finalda növbəti addımı atmalıyıq”.
Tomas Müller, Almaniya millisinin futbolçusu: “7:1 hesabı ilə qalib gəldiyimizə hələ də inanmıram. Çox gözəl qələbə idi”.
Miroslav Kloze, Almaniya millisinin futbolçusu: “Baş verənlərə inanmıram. Bunun üzərində məşqlərdə çox çalışmışdıq. Qol vuranda isə ənənəvi saltomu ifa etmək iqtidarında deyildim”.
Oliver Kan, Almaniya millisinin sabiq qapıçısı: “Biz həmişə braziliyalı futbolçuların oyundan əvvəl də, sonra da ağladığını görürük. Bu da gərginliyin əlamətidir. İndiki komandada təcrübə də yoxdu. Son nəticədə isə komanda dağıldı”.
Bastian Şvaynştayger, Almaniya millisinin futbolçusu: “Braziliya yığmasına qarşı oynamaq xoş idi. Biz nə etməli idiksə, onu da yerinə yetirdik. Lakin braziliyalılara görə üzülürəm. Onların yaxşı komandası var”.
Toni Kroos, Almaniya millisinin futbolçusu: “Almaniya yığmasının tarixində ən yaxşı oyundu. Titul qazanmaq üçün bir addımımız qalıb. Braziliyaya da çempionluq üçün gəlmişik”.
Tiaqo Silva, Braziliya millisinin futbolçusu: “Bu ləkə həyatımız boyu üzərimizdə olacaq. Ümid edirəm ki, özümdə güc tapıb mübarizə aparacam”.
Marselo, Braziliya millisinin futbolçusu: “Bu gün bütün futbolçuların həyatında ən pis gündü. Braziliya xalqının bizi tənqid etməyə tam haqqı var”.
Pele, futbol kralı: “Həmişə demişəm ki, futbol sürprizlərlə zəngindir. Dünyada heç kim Braziliyanın 1:7 hesabı ilə uduza biləcəyini deməzdi. Almaniyanı təbrik edirəm. Biz isə 6-cı çempionluğu Rusiyada qazanarıq”.
Yozef Blatter, FİFA-nın prezidenti: “Almaniyanın rekord sayda – 8-ci dəfə finala çıxması münasibətilə təbrik edirəm”.
Ronaldo, Braziliya millisinin sabiq oyunçusu: “Səhvlər komandamıza baha başa gəldi. Lakin oynamağa davam etmək zəruridi. Ən çox əziyyət çəkənsə azarkeşlərdi. Artıq komandamız 3-cü yer uğrunda matçda qalib gəlməyə borcludu”.
Pyer Littbarski, Almaniya millisinin sabiq futbolçusu: “Almaniya yığmasının Əfqanıstanla oynaması fikri məni tərk etmirdi. Bundestimin əla heyəti var. Hətta ehtiyatdakılar da əla futbolçulardı. Braziliyanın belə ehtiyatı yoxdur”.
Useyn Bolt, əfsanəvi atlet: “Bu nə idi? Braziliyadakı dostlarım üçün çox kədərlənirəm”.
Aryen Robben, Hollandiya yığmasının futbolçusu: “Bu, dəlilik idi. Belə olacağını təsəvvür edə bilməzdim”.