Avroliqada ölkəmizi təmsil edəcək “İnter”in hazırlıq planlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, dünən Topaz Premyer Liqasının “Qəbələ” ilə oyununda gümüş medalları özlərinə təmin edən “bankirlər” ötən il olduğu kimi Türkiyə və Avstriyada hazırlıq keçəcək.
Belə ki, mayın 17-də AZAL ilə görüşdən sonra istirahətə çəkiləcək Kaxaber Sxadadzenin yetirmələri bir də iyunun 1-də bir araya gələcək. Komanda birbaşa Türkiyənin Kartəpə bölgəsində hazırlıqlara start verəcək. Yenə “Green Park” otelində qalacaq “İnter”in Türkiyə hazırlıqları iyunun 10-dək davam edəcək. Bundan sonra komanda Bakıya qayıdaraq 3 gün istirahətə çəkiləcək.
Toplanışın ikinci mərhələsi isə iyunun 13-dən Avstriyada keçiriləcək. Avstriya hazırlıqları isə iyunun 27-dək davam edəcək. Ancaq Avroliqanın püşkatması zamanı “İnter” ilk görüşünü səfərdə keçirməli olsa, o zaman bu, toplanışın vaxtına da təsir edə bilər. Belə olan halda komanda Avstriyadan həmin ölkəyə yola düşəcək.
Qeyd edək ki, Avroliqanın I təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də keçiriləcək. Cavab qarşılaşmaları isə iyulun 10-da baş tutacaq.