“Rəvan”dan ayrıldı, topuğunda çat aşkar olundu
21.02.2014 - 09:40
 “Rəvan”dan ayrıldı, topuğunda çat aşkar olundu


Syerra-Leone millisinin və “Rəvan”ın sabiq müdafiəçisi Şeriff Suma 1 illik futbolsuz günlərinə son qoya bilər. Apasport.az saytının məlumatına görə, afrikalı futbolçu vaxtilə çıxış etdiyi İsveçə qayıdıb.

O, İsveçin 3-cü dəstəsində yarışan “Atletik” ilə müqavilə bağlamağa yaxındır. 27 yaşlı futbolçu ölkəmizdən ayrıldıqdan sonra qaldığı ABŞ-dan İsveçin paytaxtı Stokholma gəlib. Suma artıq bu klubla məşqlərə başlayıb və yoxlama oyununda bir hissə meydanda olub. Ancaq uzun müddət zədədən əziyyət çəkən Şeriffin müqavilə bağlamasını ləngidən isə tibbi müayinə zamanı onun topuğunda çatın aşkar olunmasıdır.

Futbolçu özü isə bu haqda bunları deyib: “Tibbi müayinə göstərir ki, topuğumda çat var və bu mənim üçün gözlənilməz oldu. Çünki mən ağrı hiss etmirdim. Elə bilirdim ki, sağlamam. Hazırda mən daha nə qədər kənarda qalacağamı bilmirəm. Bu həftələr və ya aylar da çəkə bilər. Ancaq əminəm ki, tezliklə müqavilə bağlayacağam və hər şey yaxşı olacaq”.

Qeyd edək ki, “Rəvan”a 2011-ci ildə İsveçin “Yönçöpinqs Södra” klubundan gələn Suma 2012-ci ilin dekabrında ölkəmizi tərk etmişdi. O bir müddət ABŞ-ın “Di Si Yunayted” klubunda baxışda olsa da, ona müqavilə bağlamaq müyəssər olmamışdı.