“ABŞ millisi ilə oyun bizim üçün böyük bir təcrübə olacaq”
26.05.2014 - 09:32
“ABŞ millisi ilə oyun bizim üçün böyük bir təcrübə olacaq”

“Uzun zamandan sonra yenidən bir araya toplaşmışıq. Komandada yaxşı əhval-ruhiyyə var. Gündə iki dəfə olmaqla məşqlərimizi davam etdiririk”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Ruslan Abışov deyib.

Mayın 28-də ABŞ-da yerli yığma ilə keçiriləcək yoxlama oyununa hazırlıq məqsədilə okeanın o tayında hazırlıq keçən komandamızın müdafiəçisi fikirlərini açıqlayıb: “Qarşıda ABŞ yığması ilə yoldaşlıq görüşündə qüvvəmizi sınayacağıq. Bu oyun bizim üçün böyük bir təcrübə olacaq. Baş məşqçi Berti Foqts bu görüşdə bəzi yeni oyunçulara şans vermək imkanı əldə edəcək. Bizim üçün nəticə önəmli olmasa da, oyun baxımından nəyə qadir olduğumuzu görmək istəyirik. Komanda olaraq bu qarşılaşmaya yaxşı hazırlaşırıq. Güclü rəqiblərlə qarşılaşmaq həm təcrübə, həm də səhvlərimizi görmək baxımından çox əhəmiyyətlidir. Təbii ki, bu cür görüşlərin çox olması biz futbolçuların və ümumi olaraq milli komandanın xeyrinə olacaq. İlk iki gündə komanda olaraq yorğunluq hiss olunurdu. Yuxu və qidalanma ilə bağlı müəyyən problemlərlə qarşılaşdıq. Artıq tam uyğunlaşmışıq, hər şey yaxşıdır”.

Mənbə: affa.az