I dəstədə mübarizə aparan “Şuşa” klubunun baş məşqçisi Nadir Qasımovun apasport.az saytına müsahibəsi
- AFFA-nın İntizam Komitəsi tərəfindən yenə cəzalandırılmısınız. “Turan T” ilə matçda baş hakim Anar Salmanovu təhqir etdiyiniz üçün sizə 5 oyunluq cəza verilib...
- O Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Anar Salmanovun tərəfini elə saxlayır ki... Bilmirəm, bu qədər də həyasızlıq olmaz da. “Qarabağ” – “Neftçi”, “Araz Naxçıvan” – MOİK və ardınca bizim oyunda həyasızlıq edir. “Turan-T” ilə görüşdə rəqibin qapıçısı bizim komandanın forması ilə oxşar – sarı rəngdə meydana çıxır və mənimlə elə tonda danışır ki, sanki çörəyi mənə o verib. Bu gün Salmanova bəraət qazandırırlar ki, Nadir Qasımov onu təhqir edib. Mən gərək onun başını-gözünü çıxarardım. Ancaq gərək bunun üçün cavan yaşım olardı. Bu yaşda belə etmək mənə yaraşmaz.
- Salmanovun konkret hansı qərarı sizi özünüzdən çıxartdı?
- Mən Anara dedim ki, qapıçı sarı formada çıxış edir. O da qayıdıb mənə dedi ki, maykası yoxdur da. Dedim, yoxdursa, oynamasın. Onun da xoşuna gəlmədi ki, mən bir belə camaatın arasında ona irad tutdum. Hakim-inspektorla baş hakim gərək qapıçıya icazə verməyəydi. 0:1-dən sonra onların qapısına təmiz qol vururuq, amma bunu saymır. Halbuki, yan xətt hakimi qolu hesaba alır. Gözləri zəif olan hakim rəngləri seçə bilmədiyinə görə, təmiz qolumuz da sayılmır. Sonra 1 dənə də qol vurduq, yaxşı bunu saydı. Sonra rəqibin qapısına müəmmalı “11 metrə” təyin edir. Mənə təmiz futbol lazımdır e. Onsuz da mən 1 və ya 2-ci yeri tutan deyiləm. Oyundan sonra uşaqların göz yaşlarını görərdiniz. Kimsən e, sən? 80 minlik maşın sürürsən, soruşan yoxdur ki, hardandır bu maşın səndə? Bakıya pis gündə gəlmişdin, kirayədə qalırdız, bu gün isə 3 otaqlı evdə yaşayırsan. Hardandır, bu pullar səndə? Dəfələrlə hakimlikdən qovulmusan. Nəyə görə qovulmusan, deməli, pul alırsan, qərəzli iş görürsən də. Gül kimi gənc hakimlərimiz var, qoyun hakimlik etsinlər. Bunları rədd edin də bu Azərbaycan futbolundan. Nə vaxta kimi bunlar bizim qanımızı içəcək? Bu gün AFFA bunlar üçün nə etmir ki? Toplanış keçir, yedirir, geyindirir, qonorar verir. Gözünüz doymur? Nə vaxta kimi Anar kimi hakimlər meydan sulayacaq? O at oynadır, heç kim də ona bir söz demir. Bizi məşqçi kimi cəzalandırırlar, bəs bunlar niyə cəza almır? Elitadan cəzalandırıb hakimləri I dəstəyə göndərirlər. Bəs burdakılar niyə cəza almır? Belə çıxır ki, I dəstədə cəza olmur. Futbolçunun yanında niyə hörmətimizi aşağı salırsınız? Bunu demək lazımdır Xaqani Məmmədova. Dünən efirə çıxıb hakimlərin tərəfini saxlayır. Saxla e, ancaq düzgün hakimlərin tərəfini. Mən də deyim, Bərəkallah!
- Bəs niyə 90+1-də meydandan çıxarıldınız?
- Anar mənimlə əvvəldən başladı “çilingağac” oynamağa. Bizim qolumuzu saymadı, rəqibin əleyhinə penalti verdi. Ancaq Tovuz klubu hakimlikdən şikayət etmir. Mənim uşaqlarımı elə hala saldı ki, imkan vermədi, futbol oynayaq. İstər-istəməz məni çıxartdı özümdən, elə oldu başladım bununla polemikaya. Ondan sonra məni meydandan qovdu.
- Ötən ilin noyabrında 10 oyun cəza alsanız da, sonra bu, 5-ə endirildi. Həmin cəzanı başa vurmuşdunuz?
- Bəli. Ondan sonra söz vermişdim ki, daha hakimlərlə danışmayacam. Ancaq görün, məni nə dərəcəyə çatdırdı ki, sözümü yerinə yetirə bilmədim. Bu nə vaxtacan olacaq? Biz ağlımızı itirən adamlar deyilik axı. Bizi buna məcbur edən adamlar var. Onun kimi hakimlər 64 yaşında 35 illik məşqçi stajı olan birini məcbur edir ki, onu təhqir etsin. Təhqir olunmalı adamsan da. O, həyasız adamdır. “Araz Naxçıvan” – MOİK görüşünü öz gözlərimlə görmüşəm. 90+3-də Emin İmaməliyev topa dəymir, özü yıxılır, Anar penalti təyin edir. Bunun üçün adam nə qədər həyasız olarmış? Eləcə də “Neftçi” – “Qarabağ” matçında etdiyi hərəkətlər unudulmayıb. Qardaşını ordan işdən çıxarıblar deyə “İnter”in başına nə oyunlar açmır ki? Əşi, bu Azərbaycan futbolunda heç nəyi gizlətmək mümkün deyil e. Niyə buna bir ölçü götürülmür? Xaqani Məmmədov hara baxır? Gör mən nə vəziyyətdəyəm ki, 2 gündür işə çıxa bilmirəm. Kürəklərimdə elə ağrılar var ki. İmkanım olsaydı, onu elə bir vəziyyətə qoyardım ki. Allaha and olsun, 2 maşına bağlayıb onu ortadan cırardım. Belə hakim gərək Azərbaycanda işləməsin. İnsan gərək vicdanını itirməsin. Niyə bu AFFA-nın adını batırırsınız?
- Ötən dəfə apelyasiya verməyinizin xeyri olmuş və cəzanız yarıya endirilmişdi. Bu dəfə də yuxarı instansiyaya müraciət edəcəksiniz?
- Yenə şikayət edəcəm. Birinci bilmək istəyirəm ki, Anara nə qədər cəza verilib? Bu gün Hakim-İnspektor və Hakimlər Komitəsi əla işləyir. Gülağa Cabbarovla Xaqani Məmmədov əl-ələ verib, komplekt halda bir-birinə dəstək verir. Gərək hakim-inspektorun Salmanova verdiyi qiymətə baxım, görək nə yazıb. Rəqibin qapısına penalti verəndə dördüncü hakim özü gəlib mənə dedi ki, bu necə “11 metrə”dir? Allah qoysa, sabah gedib onun qiyməti ilə tanış olacam. Anar harda görür, üzümə gülür, qucaqlaşıb görüşür. Amma bir yandan da öpə-öpə belimi yerə qoyur. Bunun da səbəbini bilirəm. O vaxt U-16-da milliyə çağırılırdı. Ona dedim ki, sənin gözün görmür, müalicə almalısan. Görünür, elə o vaxtdan mənə kin saxlayır.