“Apasport” “İnter” - AZAL oyunundakı səhvi tapdı
04.02.2014 - 17:42
“Apasport” “İnter” - AZAL oyunundakı səhvi tapdı

“Matçın videoyazısı olan disk AFFA nümayəndəsinə yox, hakim-inspektora təqdim olunmalıdır”. Bu sözləri apasport.az saytına AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov deyib.

 

Topaz Premyer Liqasının XIX turunda öz meydanında AZAL-la qarşılaşan “İnter” rəsmilərinin AFFA nümayəndəsinə təqdim etdiyi disk boş çıxdığından, bank təmsilçisi İntizam Komitəsi tərəfindən 1000 manat cəzalandırıb.

 

Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında oyunun AFFA nümayəndəsi kimi Məmmədəli Məmmədov göstərilsə də, Cabbarov bunun yanlış olduğunu söyləyib: “Həmin görüşün AFFA nümayəndəsi Məmmədəli Məmmədov idi. Son anda isə “Neftçi” “Bakcell Arena”da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda oynamalı olduğundan, həmin arenanın direktoru Məmmədov sonradan Abbas Hüseynovla əvəzləndi. Ancaq disk AFFA nümayəndəsinə yox, matçın hakim-inspektoru Kərim Ağayevə təqdim olunmalıdır. Görünür, İntizam Komitəsi hakim və hakim-inspektorların ümumi rəhbəri kimi bunun AFFA nümayəndəsinə verilməli olduğunu göstərib. O ki qaldı, “İnter”in boş disk təqdim etməsinə, buna görə klub cəzalandırılmalıdır. Həmin diski ona görə təqdim edirlər ki, oyunun videoyazısına sonradan baxılsın”.

 

Fariz Yusifovun idarə etdiyi görüşdə “İnter” AZAL-ı 2:1 hesabı ilə məğlub edib. Maraqlıdır ki, PFL-ə təqdim edilən protokolda AFFA nümayəndəsi kimi Məmmədəli Məmmədovun adı Abbas Hüseynovla dəyişdirilməyib.