“Əsgər Abdullayevi istefaya səsləyən azarkeşlərə sözüm var: Naxçıvanda futbol olmayanda harda idiniz? İndi baş məşqçini istefaya səsləyirsiniz”. Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın prezidenti Orxan Cabbarov deyib.
Dünən Topaz Premyer Liqasının VII turunda “Araz-Naxçıvan” səfərdə “Bakı”nın qonağı olub. Gərgin keçən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Görüşdən sonra stadiona toplaşmış azarkeşlər komandanın baş məşqçisi Əsgər Abdullayevi istefaya səsləyib. Keçirilən mətbuat konfransında Abdullayev rəhbərliklə danışdıqdan sonra istefa verəcəyini açıqlayıb.
Artıq baş məşqçi istefa verməsi barədə klub rəhbərliyi ilə danışıb. Lakin klub rəhbərliyi bu istefanı qəbul etməyib və baş məşqçi öz postunda qalıb.
Bu barədə “Araz-Naxçıvan”ın prezidenti Orxan Cabbarov klubun rəsmi saytına açıqlamasında bunu təsdiq edib: “Əsgər müəllim birinci divizionda komanda ilə nailiyyət qazananda hamınız onu alqışlayırdınız. Bu gün keçirilən oyunun 88-ci dəqiqəsinə kimi harda idiniz? Günahı baş məşqçidə axtarmaq lazım deyil. Sadəcə komandaya dəstək olmaq lazımdır, necə ki, ötən mövsüm dəstək olmusunuz. Əsgər Abdullayevi komandanın başına gətirəndə heç bir azarkeşdən məsləhət alınmayıb, indi də istefaya göndərəndə onların sözü önəmli hesab edilsin. Komandaya dəstək olan hər bir azarkeşimizə xüsusi hörmətimiz var. Əsgər Abdullayevin istefa fikri klub rəhbərliyi tərəfindən qəbul edilmədi və o, müqaviləsi başa çatana kimi “Araz-Naxçıvan”da baş məşqçi kimi fəaliyyət göstərəcək. Hətta onunla olan müqaviləmizi uzatmaq fikrindəyik”.
Qeyd edək ki, ilk turda “Neftçi”nin ikinci heyətinə qalib gəldikdən sonra, bütün oyunlarda məğlub olub. Təsadüfi deyil ki, Naxçıvan təmsilçisi ötən turda “Bakı”ya yenilgidən sonra sonuncu pilləyə düşüb.