“Araz Naxçıvan”dan PFL-ə ittihamlar
01.12.2014 - 22:10
“Araz Naxçıvan”dan PFL-ə ittihamlar

Çempionatdan çəkilən, lakin fəaliyətini davam etdirən “Araz Naxçıvan” klubu Peşəkar Futbol Liqasını yalançılıqda ittiham edib. Apasport.az xəbər verir ki, bu gün Naxçıvan təmsilçisinin rəsmi saytında “Həqiqəti əks etdirməyən xəbərlər” başlıqlı yazıda bu haqda qeyd olunub:

 

“Klub çempionatdan imtina etdikdən sonra heç bir AFFA və ya PFL rəsmisi, nümayəndəsi Naxçıvan Muxtar Respublikasına gəlməyib. Bundan başqa, “Araz-Naxçıvan” çempionatdan imtina etməsi barədə rəsmi məktubda da göstərdiyi kimi, yalnız hakimliklə bağlı problemlərə görə çıxışını dayandırdığını bildirib. Klubun maliyyə və ya digər səbəblərdən heç bir problemi olmayıb. Əgər bu tipli problemlər olsaydı, o zaman komanda indi fəaliyyətini davam etdirməzdi. Digər tərəfdən, PFL tərəfindən verilən açıqlamada klubun çempionatda çıxışını davam etdirməsi və imtina etməməsi üçün muxtar respublika təmsilçisinə bir neçə təklif irəli sürdüyü də bildirilir. Tərəfimizdən bildirmək istəyirik ki, bu barədə qurum tərəfindən heç bir təklif almamışıq və yazılanlar əsassız xəbərlərdir”.