“Mançester Yunayted”in argentinalı futbolçusu Markos Roxonun ailəsi qarətçilərin hücumuna məruz qalıb. Apasport.az saytının məlumatına görə, onlar bu halla Argentinada üzləşiblər.
Qarətçilər “Mançester Yunayted”də həftəlik məvacibi 200 min funt-sterlinq olan Roxonun qazancının bir hissəsini onlara verməsini tələb ediblər. Hadisə ilə bağlı danışan 25 yaşlı müdafiəçi bu kimi hadisələrdən təngə gəldiyini bildirib: “Atamı vurublar, anamı silahla qorxudublar. Bundan əlavə, bacım və onun azyaşlı övladına da təzyiq ediblər. Artıq yoruldum. Bir ölçü götürülməlidi. Nə vaxta kimi ailəm bu cür hadisələrlə üzləşəcək?”.
Qeyd edək ki, karyerası ərzində Moskva “Spartak”ı və “Sportinq” klublarının da formasını geyinən Roxo “Mançester Yunayted”ə ötən il 20 milyon avro qarşılığında keçib.