Çempionlar Liqasının 1/4 finalında səfərdə “Barselona” ilə 1:1 hesablı bərabərlik əldə edən “Atletiko Madrid” zədə şoku yaşayır. Apasport.az saytının məlumatına görə, Dieqo Kosta və Arda Turan böyük ehtimalla cavab görüşünü buraxmalı olacaqlar.
Kosta oyunun 30-cu, Arda Turan isə 76-cı dəqiqəsində meydanı tərk etməli olub. Bu gün məşqə çıxmayan hər iki futbolçunun aprelin 5-də “Vilyarreal”a qarşı oyunu buraxmalı olacaqları açıqlanıb. Klubdan verilən açıqlamada Dieqo Kostanın sağ baldır əzələlərində zədə olduğu, Arda Turanın isə qasıq nahiyəsindən zədələndiyi bildirilir. Futbolçuların müalicəsinin nə qədər sürəcəyi məlum deyil. Amma qeyri-rəsmi olaraq Kostanın zədəsinin 7-10 günə sağalacağı, Turanın zədəsinin ağırlığının isə daha uzunmüddətli ola biləcəyi qeyd olunur. Hər iki futbolçunun “Barselona”ya qarşı aprelin 9-da keçiriləcək cavab görüşünə çıxma şansının çox az olduğu vurğulanır.