“Avroliqada qrup mərhələsinə yüksəlməyi bacaracağıq” - MÜSAHİBƏ
19.06.2014 - 09:54
“Avroliqada qrup mərhələsinə yüksəlməyi bacaracağıq” - MÜSAHİBƏ

“İnter”in yarımmüdafiəçisi Derlis Meza-Kollinin apasport.az saytına müsahibəsi

 

- Avroliqa və növbəti mövsümə hazırlıqlar necə gedir?

- Çox yaxşı hazırlaşırıq. Türkiyədə toplanışımız istədiyimiz kimi oldu. İndi də Avstriyada davam edirik. İnanıram ki, həm Avroliqaya, həm də növbəti mövsümə yüz faiz hazır olacağıq.

 

- Komandadan bir çox futbolçular ayrıldı. Xüsusən də Vaqif Cavadov, Ruslan Əmircanov və Brüs Abdulayenin gedişi oyununuza təsir edə bilər?

- Bizim yaxşı komandamız var. Elə bir komandayıq ki, istənilən futbolçu getsə belə, gücümüzü itirmərik. Çünki onların yerini dolduracaq oyunçular gələcək. Əhəmiyyətli olan hansısa futbolçunun komandanı tərk etməsi deyil, bir yolda bütöv, birlikdə gedə bilməkdir. Kaxaber Sxadadze mehriban komanda yaradıb və bu komanda özünə inanaraq irəli gedir.

 

- Avstriya komandası “Buxşaxen” ilə oynadınız və 5:0 qələbə qazandınız. Görüş barədə nə deyə bilərsiz?

- Hazırlıq oyunu idi. Həmçinin ağır məşqlərdən sonra belə bir qələbə əhval-ruhiyyəyə də yaxşı təsir etdi. Bu qarşıdakı oyunlar və məşqlər üçün stimul olacaq. Həm də baş məşqçimiz yavaş-yavaş komandanı analiz edir və lazım olan səhvlər üzərində işləməyimizi məsləhət görür.

 

- Belə bir asan komanda ilə oynamaq sizə nə verəcək?

- Hazırlıq həmişə mərhələ-mərhələ davam edir. İlkin mərhələdə daha asan rəqiblə oynadıq. Növbəti oyunda bir az ondan güclüsü ilə qarşılaşacağıq. Bu, belə davam edəcək. Oynadığımız bütün yoxlama görüşlərinin bizə müsbət təsiri olacaq.

 

- Sizcə, “İnter”ə Avroliqada uğur qazanmaq üçün daha nə lazımdır?

- Avrokuboklar həmişə çətin və maraqlı olur. Çünki burada başqa ölkə komandası ilə üz-üzə gələcəyik. Tanımadığın bir komanda ilə oynamaq da çətindir. Amma biz hər şeyə hazır olmalıyıq. Hazırda Avstriyada təlim-məşq toplanışımız davam edir. Fiziki və taktiki cəhətdən burda yaxşı hazırlaşmaqla bərabər psixoloji durumumuz da müsbət olmalıdır. Ötən mövsüm “İnter” bir mərhələ keçə bilmişdi. Bu il isə daha yaxşı oynamaq və mümkün olsa, qrupa düşmək lazımdır. Bunu bacaracağıq.

 

- Bunun üçün yeni futbolçulara ehtiyacınız var...

- Təbii ki, hər bir komandanın belə fasilələrdə yeni futbolçulara ehtiyacı olur. Bizim də komandadan gedənlər oldu və gələnlər də olacaq. Gücümüzə güc qatıb uğur əldə etməliyik.

 

- Qardaşınız Sezar Meza-Kollinin “İnter”lə müqavilə bağlayacağı deyilsə də, hələ ki, rəsmi bir şey yoxdur...

- Qardaşım hazırda Paraqvayda bərpa prosesi keçir. Onun özünə gəlməyi üçün vaxta ehtiyacı var. Tam sağaldıqdan sonra hər şeyə aydınlıq gələcək. Ondan sonra “İnter” onunla müqavilə imzalamaq istəsə, Sezar Bakıya gələcək.

 

ELSEVƏR

0