“Ayntraxt” rəsmisi: “Qarabağ”la bağlı vəziyyət fərqli idi
19.02.2014 - 15:46
“Ayntraxt” rəsmisi: “Qarabağ”la bağlı vəziyyət fərqli idi

Avropa Liqasının təsnifat mərhələsində uğurla çıxış edən “Qarabağ”ın pley-off mərhələsində mübarizəni dayandırmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin bir addımlığında təmsilçimizə qalib gələn Almaniyanın “Ayntraxt” klubunun rəsmisi qələbələrinin sirrini açıb.

 

Frankfurt komandasının analitiki Marsel Daum vətənində verdiyi müsahibədə Bakıda 2:0, evdə 2:1 hesabı ilə qalib gəlmələrindən danışıb: “Bundesliqa və Avropa Liqasının oyunları arasında əsas fərq rəqibi tanımaqla bağlıdır. Düzdür, avrokuboklarda Vyana “Austriya”sı kimi rəqiblə görüşəndə onun haqda hər şeyi bilirik. Çünki bu komanda hər il qitə miqyaslı turnirlərdə çıxış edir. Lakin “Qarabağ”la bağlı vəziyyət fərqli idi. Etiraf edim ki, onlar haqda da məlumat toplamaq o qədər çətin olmadı. İşimizə “Wyscout” saytı yaradı. Burada Azərbaycan çempionatının bütün matçlarının videosunu tapmaq mümkündür. Bu bizim təəccübümüzə səbəb oldu. Düzdür, oradakı məlumatlar bir az yubanma ilə qoyulmuşdu. Amma işimizə çox yaradı. Bunun sayəsində “Qarabağ”la oyunlara hazırlaşdıq”.

 

Qeyd edək ki, “Ayntraxt” sabah 1/16 finalın ilk oyununda “Porto” ilə görüşəcək.