AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilən 5 oyundan 4-də hakimliklə bağlı iradlar var. “Qəbələ” – “Qarabağ” matçından başlayaq. Referi Əliyar Ağayevin Ağdam klubunun oyunlarına təyin olunması birmənalı qarşılanmır...
- Məgər Ağayev həmin görüşdə nəticəyə təsir edən səhvə yol verdi? Yazmısınız ki, Əliyarın idarə etdiyi 6 oyundan 5-də “Qarabağ” qalib gəlib, 1 matçda heç-heçə yekunlaşıb. Məgər həmin qarşılaşmalardan sonra məğlub olan komandalar baş hakimdən şikayət ediblər? Xeyr, belə hal baş verməyib. Ağayevin idarə etdiyi oyunlarda heç “Neftçi” də uduzmayıb. Bəs bunu niyə dilə gətirmirlər. Biz heç bir hakimi məqsədli şəkildə hansısa oyuna yollanmırıq. Deyilənlər iftiradır. Yaxşı referidir, iddialı klubların oyunlarına təyin edirik. Əliyar “Qəbələ”nin də 7 oyununu idarə edib.
- AZAL “Sumqayıt”la görüşdə qələbəni əldən verdiyi üçün baş hakim Elvin Əsgərov və köməkçilərindən narazıdır. Bu klubun hakim səhvləri ilə bağlı hazırladıqları videoçarxla tanışsınız?
- Bunu bir dəfə demişəm, yenə təkrar edirəm: hərəsi bir toy kamerasın əlinə alıb, bizə nəyisə sübut etmək istəyirlər. Ən keyfiyyətli görüntülər bizim əlimizdədir. AZAL-ın hazırladığı videoçarxın keyfiyyəti elə ilk epizoddan görünür. Matçın start fiti zamanı “Sumqayıt”ın futbolçusunun 1 ayağının meydanın rəqibə aid hissəsində olmasını səhv kimi qabardırlar. Məgər həmin oyunçu qaçıb qol vurur? Bu, qaranlıq otaqda qara pişik axtarmağa oxşayır. Konkret penalti epizodunu soruşursunuzsa, təmiz penaltidir.
- “İnter”lə görüşdə məğlub olan “Rəvan” da son dəqiqələrdə qapılarına təyin edilən penaltidən şikayətçidirlər...
- Bilirsiniz ki, hakimlərimiz səhv edən zaman bunu həmişə etiraf etmişəm. Rauf Cabbarov düzgün qərar qəbul edib.
- “Böyük oyun”la bağlı nə deyə bilərsiniz? “Neftçi”nin şikayəti yersizdir, yoxsa?
- Onları narazı salan qırmızı vərəqlərdi ki, bu da başa düşüləndir. Əsas heyətin 3 üzvünü itiriblər. Ancaq Rəhim Həsənov “qırmızı”ları yerində göstərib. “Xəzər Lənkəran” bərabərlik qolunu vurandan sonra meydan sahiblərinin futbolçusu Ağabala Ramazanov rəqib qapıçıya ədəbsiz jest edir. Bu vaxt “Neftçi”nin oyunçuları – Bruno Bertuççi ilə Karlos Kordoso onun üstünə şığıyıb, fiziki təzyiq göstərirlər. Nəticədə referi hər üç futbolçunu meydan qovur.