“Azərbaycan yığmasında futbolçuların əksəriyyəti almanca danışır” - MÜSAHİBƏ
18.08.2014 - 19:07
“Azərbaycan yığmasında futbolçuların əksəriyyəti almanca danışır” - MÜSAHİBƏ

Almaniyanın “Karlsrue” klubunun futbolçusu Dmitri Nazarov bu gündən millimizin avqustun 20-də Özbəkistanla keçiriləcək yoldaşlıq oyununun hazırlıqlarına qoşulub. O, jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Özünüzü necə hiss edirsiniz?

- Yaxşıyam. Formadayam. Hər şey qaydasındadı.

 

- İsti hava futbolçulara problem yaratmır ki?

- Almaniya ilə burdakı hava fərqlidi. Ancaq adaptasiya olunacağam. Heç bir problem yoxdu.

 

- Millinin düşərgəsində sizi daha çox təəccübləndirən nədi?

- Yığmada futbolçuların əksəriyyəti almanca danışır. Onların mənim bura öyrəşməyimə çox köməyi olacaq.

 

- Azərbaycanla bağlılığınız haqda nə deyə bilərsiniz?

- Babam Azərbaycandadı. Təəssüflər olsun ki, indi yaşamır.

 

- Azərbaycanca heç olmasa, 2-3 söz bilirsiniz?

- Təəssüf ki, yox.

 

- Babanız Azərbaycanın hansı bölgəsindən olub?

- Bu barədə nənəmlə söhbət etmişik. Ancaq babamın hansı bölgədən olduğunu bilmirəm.

 

- Ümumiyyətlə, burda milliləşdirilən futbolçulara yaxşı yanaşılmır...

- Əsas odur ki, babamın Azərbaycandan olduğunu bilirəm. Özüm bu yığmada oynamaq istəyirəm. Bu millinin uğuru üçün əlimdən gələni edəcəyəm.

 

- Bir müddət əvvəl sizi Qazaxıstan Futbol Federasiyası (QFF) da millisinə cəlb etmək istəyirdi. Yenə həmin qurumdan sizinlə əlaqə saxlayırlar?

- Keçmişdə də olub, bir müddət əvvəl də mənimlə əlaqə saxlamışdılar. Ancaq mən qərar qəbul etdim ki, Azərbaycan millisində oynayacağam.

 

- Bəs Qazaxıstanla nə bağlılığınız var?

- Özüm orda doğulmuşam. Amma AFFA rəhbərliyi və Berti Foqtsla söhbətlərdən sonra qərara gəldim ki, Azərbaycan üçün oynayım. Hazırda Qazaxıstan yığması mənim üçün maraqlı deyil.

 

- Almaniya kubokunda dünən “Noybrandenburq”u səfərdə 3:1 hesabı ilə məğlub etməklə II mərhələyə vəsiqə qazandınız. Bu haqda nə deyə bilərsiniz?

- Həmin görüşdə qalib gəlməliydik. Çünki rəqibimiz V dəstənin komandası idi. İndi böyük həvəslə püşkatmanı gözləyirik. Ümid edirəm ki, azarkeşlərimizi sevindirəcək tanınmış bir rəqiblə düşəcəyik.

 

Səbuhi TOFİQOĞLU