“Azərbaycan yığmasının hazırlıq səviyyəsi göz qabağındadır”
24.01.2014 - 14:58
“Azərbaycan yığmasının hazırlıq səviyyəsi göz qabağındadır”

Serbiyada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisinin keçirdiyi yoxlama oyunlarını rəqibləri də izləyir. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının final mərhələsində komandamızla eyni qrupda yer alan Sloveniyanın baş məşqçisi Andrey Dobroviçnik Belqraddakı görüşlərə baxmaq imkanı qazanıb.

 

Çalışdırıcı millimizin 4:1 və 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmaları arenadan izlədiyini, yoxsa “casus”ların təqdim etdiyi videoda gördüyünü aydınlıq gətirməyib. Lakin yanvarın 22-23-də baş tutan matçlar Dobroviçnikdə yığmamız haqda yüksək fikir formalaşdırıb: “Onların Serbiya ilə oyunlarını izlədim. Bu komanda çox yaxşı oynadı. Azərbaycan millisinin Avropa çempionatına yüksək səviyyədə hazırlaşdığı göz qabağındadır. Belə hazırlıqlı komandaya qarşı oynamaq çox çətin olacaq. Azərbaycan millisində iki braziliyalı var ki, məhz bu cütlüyün sayəsində qalib gəldi”.

 

Qeyd edək ki, Azərbaycan yığması Belçikadakı qitə birinciliyində ilk matçını Sloveniyaya qarşı keçirəcək. Bu görüş yanvarın 31-də baş tutacaq.