“Azərbaycanda braziliyalı oyunçular çempionatın yüksək səviyyədə keçməsinə səbəb olur”
07.02.2014 - 18:34
“Azərbaycanda braziliyalı oyunçular çempionatın yüksək səviyyədə keçməsinə səbəb olur”
“Onlar mənə təklif göndərdi. Təklif maliyyə baxımından yaxşı idi. Belədə mən menecerimin zəngini qəbul edərək Azərbaycana getmək qərarına gəldim”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın yeni transferlərindən olan Boyan Markoviç deyib.

Beer-Şeva “Hapoel”indən ayrıldıqdan sonra “Rəvan”la müqavilə bağlayan 29 yaşlı mərkəz müdafiəçisi ölkəmizdə oynayacağı üçün sevindiyini bildirib: “Tibbi müayinədən keçdikdən sonra hazırda çempionatda 9-cu pillədə olan “Rəvan”la 1,5 illik müqavilə bağladım. Mən bura keçdiyimə görə şadam. Çünki burda çox adam futbola sərmayə qoyur. Çoxlu əcnəbilər, xüsusən də braziliyalı oyunçular çıxış edir ki, onlar çempionatın çox yüksək səviyyədə keçməsinə səbəb olur”.

Bosniya-Herseqovina doğumlu serb futbolçu onu “Rəvan”dan başqa, sabiq klubu Banya-Luka “Borats”ının da istədiyini söyləyib: “Mənim “Borats” rəsmiləri ilə əlaqələrim var. Həqiqətən də Azərbaycana getməsəydim, Banya-Lukaya qayıdacaqdım. Ümid etmək istərdim ki, Zenitsa “Çelik”i kimi “Borats” da mövsümün qalan hissəsində yaxşı çıxış etsin və ola bilsin ki, Avroliqada oynamağa iddia etsin. Zenitsa və Banya-Lukada çoxsaylı azarkeş ordusu var və onlar hər mövsüm avrokuboklar uğrunda mübarizə aparmalıdır. Ancaq məncə, bu il güclü maliyyə borcları üzündən bu alınmır. “Çelik” və “Borats”da oynadığım dövrü heç vaxt unutmayacağam və ümid edirəm ki, karyeramı bu 2 klubdan birində bitirəcəyəm”.

Qeyd edək ki, Markoviç adıçəkilən klublardan başqa, Uqlyevik “Rudar”ı, Nalçik “Spartak”ı və “Panserraikos”un da şərəfini qoruyub. O, ötən tur “Bakı”ya 1:5 hesabı ilə məğlub olduqları matçda 28-ci dəqiqədə Aqil Nəbiyevi əvəzləməklə Premyer Liqada debüt etmişdi.