“Araz” UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”na ev sahibliyi etsə də, turnirin 3 favoriti var: “Barselona”, “Dinamo”, “Kayrat”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin oyunçusu İldar Makayev deyib.
“Uraqan” klubunda çıxış edən futzalçı Azərbaycan çempionu “Araz”ın ev sahibliyi edəcəyi UEFA kubokunun “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. Makayev Naxçıvan klubunu turnirin ən zəifi sayır: “Qazaxıstan təmsilçisi 5-ci sahə oyunçusunu meydana buraxmaqla çox güclüdür. Ötən il də bunun şahidi olmuşuq. “Barselona” ilə “Dinamo” isə iki maşındır. Rusiyalılar 4 dəfə finalda oynayıb və birində kuboku qazanıb. “Araz”ı bu komandalarla müqayisə etmək belə çətindir. Azərbaycanda ölkə çempionatının səviyyəsi də çox zəifdir. Bu üzdən də “Araz” – “Barselona” cütündə ispaniyalıların qalib gələcəyini düşünürəm. “Kayrat” – “Dinamo” matçı isə əsl döyüş olacaq”.
Qeyd edək ki, “Araz” aprelin 24-də baş tutacaq yarımfinalda İspaniya “Barselona”sı ilə görüşəcək. Qazaxıstanın “Kayrat” klubu isə Rusiya “Dinamo”sunu (Moskva) sınağa çəkəcək.