“Artıq bu həftə Türkiyədə ilin ilk təlim-məşq toplanışına başlayacağıq. Bu, seleksiya xarakteri daşıyacaq. Yığmaya mümkün namizədlərlə tanış olmaq, onların səviyyələrini müəyyənləşdirmək lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın 17 yaşadək qızlardan ibarət futbol millisinin baş məşqçisi Viktor Papayev deyib.
Cari ilin sonunadək müddətə Rusiya millisinin yeni baş məşqçisi təyin olunan 66 yaşlı mütəxəssis Antalyada hazırlıq keçdikləri müddətdə 2 yoxlama oyunu keçirəcəklərini bildirib. Papayev ilk rəqiblərinin millimiz olacağını söyləyib: “Türkiyə toplanışına biz gənc qızları yığacağıq. Onların əsasən 15-16 yaşı olacaq. İlk vaxtlarda məşqçilər heyətinə onların potensialını qiymətləndirmək vacibdir. Türkiyədə 2 yoldaşlıq oyunu planlaşdırmışıq. Fevralın 12-də Azərbaycandan olan həmyaşıdlarımızla qarşılaşacağıq. Ayın 15-də isə ikinci matçı keçirəcəyik. Rəqibimiz daha sonra müəyyənləşəcək. Ehtimal var ki, biz Türkiyə yığması səviyyəsində yaxşı bir komanda ilə oynayacağıq”.
Qeyd edək ki, 17 yaşadək qız millimiz fevralın 8-dən 16-dək Antalyada hazırlıq keçəcək. Həmin müddətdə Rusiyadan başqa da, bir neçə yoldaşlıq matçının keçirilməsi nəzərdə tutulub.