Avqustun 20-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Özbəkistan yığması üçün bu qarşılaşma yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, ilk rəsmi matçını 1992-ci ildə keçirən asiyalılar 200-cü rəsmi oyununa çıxacaqlar.
Rəqibimiz “Bakcell Arena”dakı qarşılaşmayadək 199 qarşılaşma keçirib. Bu görüşlərdə Özbəkistan komandası 85 qələbə qazanıb və 44 dəfə heç-heçə ilə kifayətlənib. 70 dəfə uduzan Asiya təmsilçisi top fərqində müsbət göstəriciyə malikdir - 347:258. Amma bəzi mənbələrdə Özbəkistan yığmasının oyun sayı fərqli göstərilir.
Bakıdakı iki ölkə təmsilçilərinin də yubiley duelidir. Belə ki, indiyədək 9 dəfə üz-üzə gələn Azərbaycan və Özbəkistan yığmaları 10-cu dəfə öz aralarında görüşəcək. Millimiz tarixində ən çox qarşılaşdığı rəqibə 4 dəfə qalib gəlib. 3 dəfə heç-heçə qeydə alınan duellərdə asiyalıların 2 qələbəsi var. Top fərqində də yığmamız öndədir – 11:10.