“Bakı” fikir ayrılığı yaratdı
23.01.2014 - 15:37
“Bakı” fikir ayrılığı yaratdı

“Bakı” ilə görüşdə nəticə mənim üçün önəmli deyildi. Əsas odur ki, qarşılaşmanı zədəsiz başa vurduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Styaua” klubunun baş məşqçisi Lourens Regekampf deyib.

İspaniyada keçirilən təlim-məşq toplanışını “Bakı” ilə yoxlama oyunu ilə başa vuran Buxarest təmsilçisinin çalışdırıcısı 0:2 hesablı məğlubiyyətdən sonra kifayət qədər sakit təsir bağışlayıb: “Ümumiyyətlə, ilk toplanış futbolçular üçün ağır keçdi. Daha çox yükləmələrə fikri verdiyimdən yetirmələrim də yorğun idi. İkinci toplanışda onlara daha asan olacaq və nəticələr də həmin vaxt gələcək. Məni yalnız komandanın çox top buraxması narahat edir. Bu da ikinci toplanışdakı toplu çalışmalardan sonra aradan qaldırılacaq”.

“Bakı”ya məğlubiyyət baş məşqçi ilə “Styaua”nın sabiq futbolçusu və çalışdırıcısı Angel Yordanesku arasında fikir ayrılığı yaradıb. Sonuncu 5 yoxlama oyununda qələbə qazana bilməyən komandadan narazı qalıb: “Bizim üçün belə nəticələri görmək çox ağırdır. Klub rəhbərliyinin mövqeyini bildiyimizdən nəsə demək də çətindir. Başa düşürəm ki, onlar yoxlama oyunlarının nəticələrinə önəm vermir. Lakin 5 qarşılaşmada cəmi 2 qolun vurulması, 10-nun buraxılması bizləri çox narahat edir. Baş məşqçini isə bu məqam heç maraqlandırmır”.