“Bakı” ağ bayraq qaldırdı: 51 min dolları ödəyirik
08.02.2014 - 16:35
“Bakı” ağ bayraq qaldırdı: 51 min dolları ödəyirik

Sabiq futbolçusu Ruslan Leviqaya borcu ödəmədiyi üçün problemlə üzləşən “Bakı” vəziyyətdən çıxış yolu tapıb. Bu barədə apasport.az saytına məlumatı klubun icraçı-direktoru Yaşar Seyidov verib.


O bildirib ki, üzləşdikləri problem yaxın günlərdə tam həll edəcək: “Yaxın bir neçə gün ərzində Ruslan Leviqaya ödənməli olan pulu köçürəcəyik. Bununla, məsələ tam həll olunacaq”.

Seyidov ödəməli olduqları təxminən 51 min dolları gecikdirmələrinin səbəbini də açıqlayıb: “Futbolçu və meneceri ötən ilin yayında FİFA-nın Mübahisələrin Həlli Palatasına şikayət etmişdi. İyulun 15-də çıxarılan qərar əsasən, həmin məbləği legionerə ödəməli idik. Lakin həmin qərarı ədalətli saymadığımızdan və buna əsaslı dəlillərimiz olduğundan qərardan apellyasiya şikayəti verdik. Təxminən 4 aydır ki, müraciətimizə baxılacağını gözləyirik. Apellyasiyanın qərarı olmadan pulu ödəmək istəmirdik”.

Klub rəsmisinin sözlərinə görə, artıq FİFA-dan cavab alacaqlarına ümidi itdiyindən pulu ödəməyə qərar veriblər: “Pulun ödənmədiyini görən Leviqa ilə meneceri FİFA-nın digər instansiyası – Nizam-İntizam Komitəsinə müraciət edib. Lakin bu qurum məsələyə baxmayıb. “Bakı” klubu isə Apellyasiyaya baxılmadığını görüb, o qədər də böyük olmayan məbləği ödəməyə qərar verib. Çünki müraciətimizə baxılsaydı, indiyədək cavab gələrdi. Görünür, onlar bizim dəlillərimizi əsassız saydığı üçün buna ehtiyac duymayıblar. Onların dəqiq prosedur qaydaları bəlli olmadığından bundan sonra şikayətimizə baxılıb-baxılmayacağı da bilinmir. Buna görə də yaxın günlərdə pulu köçürəcəyik”.

Bu günlərdə Bolqarıstan mətbuatı kluba iki “transfer pəncərəsi”ndə oyunçu sifariş etmək qadağası qoyulduğu haqda xəbər yayıb. Seyidov bunun səbəbini belə izah edib: “Nizam-İntizam Komitəsinin Məcəlləsində belə bir bənd var ki, klub ödəməli olduğu məbləği vermirsə, transfer qadağası ilə üzləşir. Lakin bizim məsələdə komitə qərar çıxarmayıb. Həm də şikayətə baxılmamış onlar qərar verə bilməzdi. Bolqarlar həmin maddəni əsas gətirərək, belə cəza alacağımızı yazıb”.

Leviqanın pulu ödəndikdən sonra “Bakı”nı heç bir cəza gözləmir: “Bu pulu ödədikdən sonra hər hansı cəzanın olması mümkün deyil. Futbolçu müvafiq qurumlara parasını aldığı haqda məlumat verəcək. Buna görə də dəlil toplamaq, vəkil tutmaq lazım deyil. Məsələni qapanmış saymaq olar”.

İndiyədək heç bir futbolçu ilə pul problemi olmayan “Bakı”da bu məsələnin kimin səhlənkarlığı üzündən yaranması da sual doğurur. Klub üçün böyük olmayan məbləğin vaxtında verilməməsi paytaxt təmsilçisinin imicinə zərbə vurub. Lakin Seyidov günahkarın kimliyini açıqlamayıb: “Bu haqda danışmaq istəmirəm. Amma Leviqa bizdən layiq olmadığı pulu istəyir. Biz də bunu ödəməyə məcburuq. “Bakı” klubu futbolçu komandadan ayrılarkən həmin pulu məhz bu səbəbdən verməmişdi. Çünki Ruslan bu məbləğə layiq deyildi. Komandada demək olar ki, oynamayıb, müqaviləsi başa çatmamış vətəninə yollanıb. Bu üzdən klubumuz belə qənaətə gəlmişdi ki, müqavilədəki məbləğin qarşılığını peşəkar futbolçu kimi verə bilməyən oyunçu həmin məbləğ almamalıdır. Bununla bağlı dəlillərimizi FİFA-ya da təqdim etmişdik”.

Leviqa “düyünü”nün çözülməsindən sonra “Bakı”nın transfer edəcəyi, adı klubla yanaşı hallanan bolqarıstanlı Spas Delevi heyətinə qatması ilə bağlı sualı isə Seyidov cavablandırmayıb: “Bu haqda məlumatım yoxdur. Transferlər haqda məlumatlı deyiləm”.