Topaz Premyer Liqasının VII turu “Bakı”nın 2 futbolçusu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Araz Naxçıvan”a 2:1 hesabı ilə qalib gələn “zolaqlılar”ın əsas heyətində Mahir Mədətov və Valeh Seyidov debüt ediblər.
Mövsümün ilk qələbəsində pay sahibi olan futbolçular klublarının rəsmi saytına açıqlamalarında oyunlarını dəyərləndiriblər. Mədətovun sözlərinə görə, qarşılaşma çətin keçib: “Həftə ərzində bu oyuna ciddi hazırlaşmışdıq. Qarşılaşmaya bir neçə gün qalmış bu matçda meydana çıxacağım ürəyimə dammışdı. Hətta oyunda vəziyyət yaxşı olmayanda meydana girəcəyimi hiss etmişdim. Elə də oldu. Rəqib hesabı bərabərləşdirdikdən sonra məşqçi mənə şans verdi. Matçı dəyişə biləcək fövqəladə bir oyun göstərdiyimi də deyə bilmərəm. Ümumilikdə ilk oyunumun uğurlu alındığı qənaətindəyəm. Futbolu öyrəndiyim klubun əsas komandasında oyuna çıxdığım üçün sevincliyəm”.
Seyidov isə ilk sınaqda həyəcanlı olduğunu deyib: “Debütümdə komandanın qələbə qazanması məni sevindirdi. Növbəti oyunlarda meydanda olduğum dəqiqələrin sayını daha da artırmağa, çalışıb daha yaxşı mübarizə aparacağam. Qol isə özü gələcək”.