“Bakı” üzləşdiyi maliyyə problemindən çıxa bilmir. Apasport.az saytının məlumatına görə, “zolaqlılar”ın durumu gözlənildiyindən də pis həddə çatıb.
Klubda ümumiyyətlə puldan səs-soraq yoxdur. Futbolçulardan tutmuş adi işçilərə kimi son vaxtlar klubdan qara qəpik də görən olmayıb.
“Atletiko” və “Lans”a sponsorluq edən klubun prezidenti Hafiz Məmmədovun hazırda İspaniyanın paytaxtı Madriddə olması isə dolaşıq sualları bir qədər də artırıb. Onun baş məşqçi Milinko Pantiçlə görüşməməyi, klubun növbəti mövsüm üçün strategiyasının dəqiq müəyyənləşməyəsi ardıcıl yaranan problemləri daha da qabardıb.
Artıq iş o yerə çatıb ki, 2 dəfə ölkə çempionu və 3 dəfə Azərbaycan kubokunun qalibi olmuş klub kommunal borclarını belə ödəməkdə aciz duruma düşüb. Aldığımız son informasiya isə “Bakı”da maliyyə sıxıntısının nə yerdə olduğunu daha açıq şəkildə göstərir.
Belə ki, vəziyyət o yerə gəlib çatıb ki, “Bakı”nın Biləcəri qəsəbəsində yerləşən, Portuqaliya və Türkiyə kimi yığmaların vaxtı ilə hazırlıq keçdiyi bazası AFFA-nın balansına keçə bilər. Çünki bazanın xərclərini çəkə bilməyən klub bu yolla borclarından xilas olmağa çalışır.
Bu məsələ ilə bağlı “Bakı”nın icraçı-direktoru Yaşar Seyidovun fikrini öyrənməyə çalışdıq: “Bizim kommunal borcumuz yoxdur. İnformasiya həqiqəti əks etdirmir. Yalnız futbolçulara borcumuz var ki, bu pullar da yaxın bir neçə gün ərzində ödəniləcək”.
Yeri gəlmişkən, Seyidovdan klubun ukraynalı hücumçu Ruslan Leviqa və bolqarıstanlı müdafiəçi Aleksandar Tomaşa olan borclarını ödəyib-ödəmədiklərini də soruşduq: “Hazırda bu məsələ ilə bağlı FİFA-dan cavab gözləyirik. Çünki biz də bu quruma hər 2 futbolçudan şikayət məktubu ünvanlamışıq. Onların tələb etdiyi məbləğin həcminin haqsız şəkildə olduğunu bildirmişik. Əgər FİFA-dan mənfi cavab alsaq, o zaman onların istədiyi pulu ödəmək məcburiyyətindəyik”.
Qeyd edək ki, “Atletiko” və “Lans”dan sonra “Portu” ilə də sponsorluq müqaviləsi bağlamağa hazırlaşan “Bakı”nın növbəti mövsüm iddiasız olacağı gözlənilir. Bu gedişlə bütün legioner futbolçularını göndərməli olacaq klub növbəti birincilikdə akademiyasından yetişən gənclərlə meydana çıxacaq.
Səbuhi TOFİQOĞLU