Cari mövsümdə qeyri-stabil çıxışı ilə diqqət çəkən “Bakı” maliyyə sıxıntısı ilə üzləşib. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun qış “transfer pəncərəsi” dövründə yeni oyunçu almamağı məhz büdcədəki kasadlıqla bağlıdır.
Əslində, “Bakı”da maddi problemlərin olması yeni xəbər deyil. Klub rəsmiləri təkzib etsələr də, son 4-5 ay ərzində heyət üzvlərinin maaşlarının uzun müddət yubadılması yönündə xəbərlər dəfələrlə gündəmi zəbt edib. Lakin hər şeyə rəğmən, qarşısına böyük hədəflər qoyduqlarını açıqlayan “zolaqlılar”ın dövrələrarası fasilədə tutarlı transferlər həyata keçirəcəklərini güman edirdik. Gəl ki, “Bakı” heyəti gücləndirmək istiqamətində heç bir addım atmadı.
Yeni transferlərin olmamağı bir yana, paytaxt klubunun bəzi futbolçularına qarşı yanaşması başa düşülən deyil. Fasilə zamanı “Bakı”nı 3 futbolçu tərk etdi - Mindauqas Kalonas, Kamran Ağayev və Rəhman Hacıyev. Sonuncunun göndərilməsini normal qarşılamaq olar, gəncdir, təcrübəsi azdır. Bəs digərləri? Heç bir transfer etməyən klub hansı məntiqlə 2 əsas oyunçusundan imtina edir?
Kalonas cari çempionatda “zolaqlılar”ın heyətində ən çox oyun keçirənlərdəndir (17) və hamıdan çox – 7 qol vurub. Lakin onun komanda yoldaşları Rauf Əliyev və Əfran İsmayılovla aralarında problem olduğundan, “Bakı” çıxış yolunu ötən il ölkəsinin ən yaxşısı seçilən litvalı futbolçudan qurtulmaqda gördü. Çox gülünc qərardır! Məgər komandada 2 futbolçu arasında problem yaşanan zaman onlardan birini qovurlar? Özü də, heyətdə ən yaxşılardan birini. “Bakı” klubunun idarəçiliyində yer alanlar bu “unikal metodu” harada görüblər, kimdən mənimsəyiblər?
Ağayevlə bağlı vəziyyət isə bundan da acınacaqlıdır. Millimizin üzvü olan Kamranın ölkəmizin ən güclüsü olduğu məlum məsələdir. “Bakı”nın yaxşı qapıçıya ehtiyac duyduğu, bu mövqe ilə bağlı problemi olduğunu da hamı bilir. Ancaq nədənsə paytaxt təmsilçisi Ağayevin göndərilməsinin səbəbini ictimaiyyətə açıqlamağı lazım bilmir, onu sakitcə “Qəbələ”yə satır. Məgər bu çıxış yoludurmu? Bəs baş məşqçi nə üçündür? Baş məşqçi Milinko Pantiç kollektivdə normal atmosfer yarada bilməyəndən, komanda ruhu aşılaya bilməyəndən sonra postunda niyə oturub?
“Bakı”nın qış fasiləsindəki davranışının bir adı var – paytaxt klubu taleyi ilə barışıb. Maddi problemlər səbəbi ilə heyətə yeni oyunçular cəlb edə bilməyən, futboldan kənar səbəblərdən 2 əsas oyunçusuna qapını göstərən bir komandanın mükafatlar uğrunda mübarizədə silahı erkən yerə qoyduğu sezilməkdədir. “Zolaqlılar” avrokuboka vəsiqə qazanmaq üçün yalnız bəxt amilinə ümid edə bilərlər. Hazırkı “Bakı” mükafatlar uğrunda mübarizə aparacaq səviyyədə deyil.