“Bakıya getmədim, amma “Neftçi”dən maaş alırdım”
11.02.2014 - 13:12
“Bakıya getmədim, amma “Neftçi”dən maaş alırdım”

“Hərbi xidməti Moskvada keçdim. Əsgərlik dövrü bitən kimi çoxsaylı təkliflər aldım. İdman bölüyündə olduğum vaxt müraciət edirdilər. Bakının “Neftçi” klubu daha çox canfəşanlıq göstərirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin sabiq futbolçusu Tamerlan Hüseynov deyib.

 

Hazırda “Real Farma” klubunun məşqçisi olan sabiq bombardir futbolçu vaxtlarında “Neftçi”dən aldığı təklifi xatırlayıb.

 

2 dəfə Ukrayna çempionatının ən yaxşı bombardiri olan, bu ölkədə rəsmi matçlarda 100 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşən Tamerlan təklifdən imtinasının səbəbini izah edib: “Bu komandada elə fikirləşirdilər ki, soyadım Hüseynovdusa, deməli azərbaycanlıyam. Hərçənd, anam ukraynalıdır, özüm isə əslən dağıstanlıyam. Moskvada olduğum son iki ayda “Neftçi” mənə maaş verirdi. Mənə təklifi qəbul edəcəyim halda həddən artıq böyük pullar vəd edirdilər. Lakin mən “Zarya”ya qayıtmağa qərar verdim. Əsgərliyim qurtarana yaxın ilk uşağım – oğlum dünyaya gəldi. Artıq ev haqda düşünməli idim. Luqanskda da mənzillə təmin edirdilər. Qafqazda isə Qarabağ münaqişəsi başladı. Belə vəziyyətdə pul haqda düşünə bilməzdim. Həmin vaxt Bakıya getmədim. Sonra bir neçə dəfə, o cümlədən Azərbaycan yığmasında oynamağa çağırdılar. Həmin vaxt qeyri-müəyyənlik idi. Yuran və bir çoxları Rusiya yığmasını seçdilər. Mən isə Ukraynadan getməməyə qərar verdim”.

 

Qeyd edək ki, Ukraynada 100 və daha çox qol vuranların siyahısı “Tamerlan Hüseynov klubu” adlanır.