“Barselona” futbol klubunun vitse-prezidenti Havyer Faus FİFA-nın komandaya yeni oyunçular alınmasını qadağan etməsini təsadüfi olmayan qalmaqallar zəncirinin növbəti həlqəsi adlandırıb. Apasport.az saytının məlumatına görə, Faus komandanın düşmənlərinin tapılması üçün xüsusi araşdırma aparılacağını vurğulayıb.
Vitse-prezident bildirib ki, heç nə təsadüfi və ya birdən-birə baş vermir: “Artıq 5 ildir ki, “Barselona” hücum obyektinə çevrilib – dopinq qalmaqalı və ya bizim məşqçilərimiz Qvardiola və Tito Vilinovaya hücumlarda olduğu kimi. Kimsə durmadan komandanın imicinə zərbə vurmağa çalışır. Hüquqi şəxs kimi deyirik: “Bəsdir!” Biz bunun arxasında kimin dayandığını araşdırırıq və o zaman haqlı olduğumuzu sübut edəcəyik. Bir çox şəxslər var ki, son 10 ildə “Barselona”nın hegemonluğunu həzm edə bilmir. Biz əlimizi sallayaraq oturmayacağıq və mütləq cavab verəcəyik. Təəssüf Ki, FİFA-nın gənclərlə bağlı qaydaları Asiya və Latın Amerikası üçün yarayır. “Barselona” ilk növbədə insanları, sonra isə futbolçuları yetişdirir”.