“Bavariya”nın bombardiri Qvardiolaya görə komandadan gedir
09.06.2014 - 19:59
“Bavariya”nın bombardiri Qvardiolaya görə komandadan gedir

 

“Bavariya” futbol klubunun hücumçusu Mario Mancukiç dünya çempionatından sonra komandanı tərk etmək niyyətində olduğunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, futbolçu klubun baş məşqçisi Xosep Qvardiolanın sxeminə uyğun gəlmədiyini bildirib.

 

Xorvatiyalı hücumçu münhenlilərin heyətində 2 mövsüm çıxış edib. O, 86 oyunda 47 qol vurub. Ötən mövsüm isə Bundesliqada keçirdiyi 30 oyunda 18 dəfə fərqlənib və komandanın ən yaxşı bombardiri olub.

 

Qvardiolanın qərarına uyğun olaraq Mancukiç Almaniya Kubokunun finalını buraxıb. Bundan sonra mətbuat xorvatiyalı futbolçunun baş məşqçi ilə problemlərinə görə komandadan gedəcəyini yazıblar.

 

Mancukiç bu xəbərin həqiqət olduğunu bildirib: “Mənim nə qədər səy göstərməyim əsas deyil. Amma komanda bu üsluba oynayanda, mən ən yaxşı oyunumu göstərə bilmirəm. Düzünü desəm, Qvardiolanın “Bavariya”dakı üslubu mənlik deyil. Əgər hər şeyə əvvəlki kimi qalsa, hamı üçün ən yaxşı çıxış yolu mənim getməyim olacaq”.