“Belə bir vəziyyətdə necə işləmək olar?” - MÜSAHİBƏ
08.01.2014 - 16:15
“Belə bir vəziyyətdə necə işləmək olar?” - MÜSAHİBƏ

“Neftçi” klubunun baş məşqçisi postundan istefa verən Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

- İstefanız həm gözlənilən, həm də gözlənilməz oldu. Getmək qərarını nə vaxt verdiniz?
- Rəhbərliklə danışmışdıq ki, tətildən sonra görüşüb, bəzi məsələləri müzakirə edək. Bildirdim ki, çempion olmaq üçün komandanı gücləndirmək lazımdır. İki istəyim oldu. Birincisi, yeni transferlər. İkincisi, öz istəyimlə yeni məşqçilər korpusu formalaşdırmaq. Ancaq onlardan “yox” cavabı aldım. Belə bir vəziyyətdə necə işləmək olar? Orada qalmağımın nə mənası? İstefa verdim və istefam qəbul olundu. Dediyim olmayandan sonra orada niyə işləməliyəm ki?

- Köməkçi deyərkən, Gəray Qarayevi yanınıza gətirməyi nəzərdə tutursunuz?
- Yox, oradakıları çıxarda bilmədim.

- Hazırda klubda işləyənləri kimlərlə əvəzləmək istəyirdiniz?
- İndi onların adını deməyin nə mənası? Düz deyil?

- Kimləri çıxartmaq istəyirdiniz?
- Məsələn, orada fiziki hazırlıq üzrə və qapıçılarla işləyən məşqçilər var. Mən öncədən demişdim ki, gələrəm, baxarıq. Bir müddət işləyərik, lazım bilsəm, onları əvəzləyərik. Lakin rəhbərlik bunu qəbul etmədi. Hər bir mütəxəssisin öz məşqçi heyəti olmalıdır, axı!

- Hər kəsi maraqlandıran məsələni soruşacağıq: Böyükağa Hacıyev işinizə müdaxilə edirdi və ya hansısa vasitələrlə problem yaradırdı?
- Müdaxilə deyəndə, mən məşqimi keçirəm, heç kim qarışmır. Heyətlə bağlı da işimə qarışmırdılar. Lakin yenə deyirəm, istəklərim yerinə yetirilmədiyi üçün getməyi məqsədəuyğun saydım.

- Klub prezidenti Sadıq Sadıqov qalmağınız üçün sizi dilə tutmadı?
- İstefa verdim, o da qəbul etdi. “Neftçi” böyük klubdur, onlara uğurlar arzulayıram.

- Sizin yerinizə Böyükağa Hacıyevin baş məşqçi təyin olunmasından xəbəriniz var?
- Hər kim gəlibsə, gələcəksə, ona uğur diləyirəm.

- Düşünmürsünüz ki, getməyiniz üçün zəmin yaradıldı?
- Elə çıxır da. Lazım bilsəydilər, şərait yaradardılar, qalıb, işləyərdik.