“Berti Foqtsun bu addımını müsbət qarşılaşmaq lazımdır” - MÜSAHİBƏ
20.01.2014 - 00:03
“Berti Foqtsun bu addımını müsbət qarşılaşmaq lazımdır” - MÜSAHİBƏ

“Qarabağ” klubunun futbolçusu Vüqar Nadirovun apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsi.

 

- Hazırlıqlar necə keçir?

- Çox yaxşı. Təbii ki, istirahətdən gəldiyimiz üçün məşq prosesində fiziki hazırlığa xidmət edən təmrinlər üstünlük təşkil edir. Bu da normaldır. Bizi qarşıda çempionatın ağır mərhələsi gözləyir.

 

- 2014-cü ildə keçirdiyiniz ilk qarşılaşmada Buxarest “Dinamo”su üzərində 1:0 hesablı qələbə qazandınız. Oyun haqda nə deyə bilərsiniz?

- Bəli, yeni ildə ilk oyunumuz idi. Matç ərzində taktiki gedişlərə diqqət yetirməyə çalışdıq. Bir az “yükləmələr” var, amma narazılığımız yoxdur.

 

- Rəqibi güclü komanda hesab edirsinizmi?

- Əlbəttə, Rumıniya çempionatında beşinci pillədə qərarlaşıb. Çalışırdıq ki, ilk oyunumuzu qələbə ilə başa vuraq. Bu motivasiyamızı da artıracaqdı. Şükürlər olsun ki, istəyimizə nail olduq.

 

- Reynaldo məşqlərə gec qoşulduğu üçün özünü yorğun hiss etdiyini etiraf etdi. Siz necə, yorulmamısınız? İstirahətdən sonra tam forma yığa bilmisiniz?

- Bu, birdən-birə olası şey deyil. Tədricən formamızı bərpa edirik. Fiziki hazırlıqla yanaşı, artıq topla məşqlərə də başlamışıq. Yükləmələrdən sonra taktiki planda çalışmalar rahat alınır.

 

-  Yığmanın baş məşqçisi Berti Foqts klubların Antalyadakı hazırlıq prosesini izlədi, millinin üzvlərinin necə hazırlaşdığını əyani gördü. Almaniyalı çalışdırıcının burda olması milli üzvlərinə nə kimi təsir etdi?

- Müsbət təsir etdi. Foqtsun gəlişi yaxşı stimuldur. Baş məşqçi kimin, necə hazırlaşdığını əyani gördü. Onun bu addımını müsbət qarşılaşmaq lazımdır.

 

- Oynadığınız mövqe ilə bağlı hansısa dəyişiklik varmı?

- Mənim üçün mövqe fərqi yoxdur. Baş məşqçi hansı cinahda şans versə, orda da oynayacam. Lazım olsa, hücumda da çıxış edə bilərəm. Düzdür, sağ cinahda özümü daha rahat hiss edirəm. Ancaq biz verilən tapşırığı meydanda yerinə yetiririk. Məsləhət necə olsa, onu da icra edəcəyik.