“Bir neçə oyunçu komandadan göndəriləcək”
25.08.2014 - 08:48
“Bir neçə oyunçu komandadan göndəriləcək”

“Komandamı təbrik edirəm. Bütün qollar gözəl alındı. Amma etiraf edim ki, topu saxlamaqda müəyyən problemlər vardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının III turunun “Sumqayıt”la qarşılaşması haqda fikirlərini açıqlayıb: “Futbolçularla bu barədə danışmışam. Bunun üzərində çox çalışmaq lazımdır. Biz bu vərdişləri təkrarlamalıyıq. Qarşıda çox çətin oyunumuz var. “Xəzər Lənkəran”la matç çox ağır olacaq. Tez bərpa olunmalı və oyuna hazırlaşmalıyıq”.

 

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov isə darmadağına şərh verib: “Hesab oyuna görə oldu. Bizdə oyun keyfiyyəti çox aşağı səviyyədədir. Müdafiənin mərkəzində, eləcə də bütün mövqelərdə problemlər var. Əlbəttə ki, ciddi tədbirlər olacaq. Futbolçularla ciddi söhbət edəcəm. Burada heç kim gününü keçirə bilməz. Öz işinə və öz sənətinə belə yanaşmaq olmaz. Bəxtiyar Həsənalızadənin əvəzlənməsi zədə ilə bağlı deyildi. Yaxşı oynamadı və səhvləri oldu. Mən “Araz Naxçıvan”la oyunu düşünərək, bəzi dəyişikliklər etdim. Yəqin ki, qarşıdakı günlərdə bir neçə oyunçu komandadan göndəriləcək”.

 

Mənbə: pfl.az