Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” klubu baxışa yeni futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, Almaniya “Velbert”i ilə görüşün gedişində meydana çıxan Domenik Çatto klubda sınaqdan keçir. Tam adı Domenik Çatto Bəşir Jamilu olan 28 yaşlı nigeriyalının son klubu İsveç “Hakken”i olub.
Təmsilçimizin 1:0 hesabı ilə qalib gəldiyi matçdan bir gün əvvəl klubun düşərgəsinə gələn nigeriyalı yarımmüdafiəçinin taleyinə növbəti matçlardan sonra aydınlıq gələcək. Qeyd edək ki, Çatto karyerası ərzində vətənində “Heartland”, “Şeraton”, “Rasine”, Finlandiyada “İnter” klublarında da çıxış edib. Nigeriyalı vaxtilə Kiyev “Dinmao”su və Brondbü” kimi klublarda baxışda olub. 2005-ci ildə İngiltərə “Blekbern”inin transfer etməyə yaxın olduğu legionerin keçidinə onun yığma üzvü olmaması imkan verməyib. Lakin ingilislər ona müqavilə bağlayıb icarə əsasında Belçikada oynamağı təklif ediblər. Lakin Çatto “Serkl Brügge”də oynamaq istəmədiyindən bu müqavilədən imtina edib.