“Borussiya”nın sabiq futbolçusu: Azərbaycana yenidən gəlmək istərdim
01.06.2014 - 23:51
“Borussiya”nın sabiq futbolçusu: Azərbaycana yenidən gəlmək istərdim

 

“Maraqlı oyun keçdi. Bununla yanaşı görüş kifayət qədər çətin alındı. Ola bilər ki, ikinci hissədə rəqib bizi fiziki planda üstələyirdi. Ancaq həlledici qolu məhz biz vurduq”. Apasport.az saytının məlumatına görə, bunu “Anderlext” U-15-nin baş məşqçisi Stefan Stassin deyib.

 

“Anderlext” III Qəbələ Kubokunun finalında “Fənərbaxça”nı 1:0 hesabı ilə məğlub etməklə turnirin qalibi olub. Stassin turnir oyun və turnirə dəvət haqqında bunları deyib: “Türklərlə qarşılaşma bizim üçün turnirdə ən çətini oldu. Rəqib çoxlu şanslar yaratdı, oyun ərzində bizə təzyiq etdi. Son dəqiqələrdə onlar hesabı bərabərləşdirə bilərdilər. Ancaq xoşbəxtlikdən bu, “Fənərbaxça”da alınmadı... Məmnuniyyətlə, Azərbaycana yenidən gəlmək istərdim. Ümid edirəm ki, Qəbələ Kubokuna növbəti il üçün də dəvət alacağıq. Mənim bura çox xoşuma gəldi”.

 

İnternet mənbələrində Belçika təmsilçisinin 37 yaşlı baş məşqçisinin ölkəsində hələ də futbol oynadığı göstərilir. Stassin buna belə aydınlıq gətirib: “Mən “Anderlext”də başımı qaşımağa vaxt tapmıram. O ki qaldı, hansısa klubda oynayım. Belə bir şey yoxdur. Mən oyunçu karyeramı artıq bitirmişəm”.

 

Qeyd edək ki, Stefan Stassin vaxtı ilə məşhur klublardan “Anderlext” və Mönxenqladbax “Borussiya”sında çıxış edib. O, yarımmüdafiəçi olub.