“Böyükağa Hacıyev bu gün keçiriləcək “Koper” – “Çelik” matçını izləməyə getməyəcək. O, hazırda komanda ilə birgə Avstriyadan Bakıya qayıdır”. Bunu apasport.az saytına “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Bu gün Avroliqanın I təsnifat mərhələsinin cavab matçları keçiriləcək. “Neftçi”nin potensial rəqibləri olan Sloveniyanın “Koper” klubu doğma azarkeşləri önündə Monteneqro “Çelik”ini qəbul edəcək. Ancaq “Neftçi” rəsmilərindən heç kim bu matçı izləməyəcək.
Süleymanov buna belə aydınlıq gətirdi: “Əvvəl belə bir plan tərtib etmişdik. Böyükağa müəllim Sloveniyaya gedib “Koper” – “Çelik” matçını izləməliydi. Ancaq Monteneqrodakı görüşdə “Koper”in 5:0 hesabı ilə qalib gəlməsi planlarımıza təsir etdi. Bildiyiniz kimi, hazırda tərəflərin ilk matçı ilə bağlı UEFA araşdırma aparır. Ona görə də məşqçimiz araşdırılma aparılan oyuna getmək və stadiondan canlı baxmaq istəmədi. Həm də “Koper” ilk matçda 5:0 qalib gəldiyindən, cavab matçında ehtiyat heyətə güvənə, bununla da bizi çaşdıra bilərdi. Bu üzdən yalnız rəqib komandanın disklərinə baxmaqla kifayətlənəcəyik”.
Qeyd edək ki, “Koper” – “Çelik” oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.