“Bu gün yaxşı komanda ilə qarşılaşdıq. Belə bir rəqibə qalib gəlməyimiz lap yaxşı oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Krasnodarın “Kuban” klubunun baş məşqçisi Leonid Kuçuk deyib.
Rusiya təmsilçisini çalışdıran belaruslu mütəxəssis Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində “Qəbələ”yə qarşı keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “İlk hissə daha çox xoşuma gəldi. Çünki ildırım sürətiylə hücumlar təşkil edirdik. Həmin vaxt rəqib də sürətdə bizimlə ayaqlaşa bilmirdi. Həm də intizamlı oynayıb. Bir neçə qol imkanı da yaratdıq. Fasilədən sonra meydanın mərkəzini uduzduğumuz üçün oyunumuz çox sönük alındı. Buna baxmayaraq, hər oyunçumuz epizodlarda sonadək mübarizə aparırdı. Məhz bunun sayəsində “Qəbələ”nin qol vurmasının qarşısını aldıq. Gənclərimiz xarakter nümayiş etdirib, matçın sonlarında daha 3 qol imkanı da əldə etdi”.
Qeyd edək ki, “Kuban” ilk 14 dəqiqədə vurduğu iki qol sayəsində 2:0 hesabı ilə qalib gəlib.