[b]“Bütün komandalar bir-birini məğlub edəcək gücdədi”[/b] - MÜSAHİBƏ
18.10.2014 - 23:03
[b]“Bütün komandalar bir-birini məğlub edəcək gücdədi”[/b] - MÜSAHİBƏ

Topaz Premyer Liqasının VIII turunda “İnter”in qonağı olan “Simurq” paytaxtdan xalla dönməyi bacardı. Adətən “böyük qardaşı”na uduzan Zaqatala təmsilçisi bu dəfə qolsuz heç-heçəyə nail oldu. Nəticənin “sarı-qaralar” üçün uğurlu olduğunu matç başa çatdıqdan sonra da müşahidə etmək çətin deyildi. Belə ki, qarşılaşma başa çatdıqdan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandıran “Simurq”un serbiyalı legioneri Marko Stanoyeviç sevincini gizlətmədi.

 

- Komandanız adətən paytaxtda “İnter”ə uduzurdu. Bu dəfə 1 xalla ayrıldınız...

- Çətin olacağını bilirdik. “İnter” güclü komandadı. Bu səbəbdən nə etmək lazım olduğunu baş məşqçi bizə başa salmışdı. Topa daha çox nəzarət etməyə çalışdıq. Təhlükəli hücumlarımız oldu. Ancaq rəqib müdafiədə səhvsiz oynadı. Yaratdığımız epizodları qola çevirə bilmədik. Nəticəni normal hesab etmək olar.

 

- Hesabı açmağa nə mane oldu?

- Çünki rəqib müdafiədə yaxşı oynadı. Ümumi götürdükdə, komandamız normal çıxış etdi. Bir xal bizim üçün yaxşı nəticədi. Biz bu xalı liderlə görüşdə, özü də səfərdə qazandıq.

 

- Artıq çempionatda 8 tur arxada qalıb. Bu turları necə dəyərləndirirsiniz?

- Çempionat maraqlıdı. Burada aşkar zəif və ya güclü komanda yoxdu. İstənilən komanda rəqibindən xal ala və ya onu məğlub edə bilər. Məsələn, “Bakı”ya uduzduq, daha sonra ikinci pillədə qərarlaşan “Sumqayıt”ı matçın gedişində yenik duruma düşməyimizə rəğmən məğlub etdik. Hər şey mövsümün sonunda bilinəcək. Təbii ki, biz də üst sıralarda qərarlaşmaq istəyirik.

 

- Komandanızı hansı pillə qane edəcək?

- Biz avrokuboklarda çıxış etməyə hüquq verən yerlərdən birini tutmaq istərdik.  

 

- “Simurq”un qeyri-sabit oynaması nə ilə bağlıdı?

- Azərbaycan çempionatında bütün komandalar bir-birini məğlub edəcək gücdədi. Bu da oyunların maraqlı keçməsinə imkan verir. Bəzən isə yaratdığın imkanlardan istifadə edə bilmirsən. Məsələn, “Neftçi” ilə oyunda uduzsaq da, biz onlardan daha çox qol epizodu yaratdıq. Amma vura bilmədiyimizə görə məğlubiyyətlə barışmalı olduq. Bu cür faktorlar nəticədə əksini tapır. Yəni, əlinə düşən şansı qaçırırsansa, məğlubiyyətlə barışmalısan. 

0