“Çelsi” futbol klubu tarixində ən bahalı transfer həyata keçirməyə hazırdır. Apasport.az saytının məlumatına görə, “zadəganlar” Fransa millisinin futbolçusu Pol Poqbanı almaq istəyirlər.
Poqbanın alınmasında “Çelsi”nin baş məşqçisi Joze Mourinyo da maraqlıdır. O, fransalı oyunçunu meydanın mərkəzində Nemanya Matiçlə bir yerdə oynatmaq istəyir. Komandanın sahibi Roman Abramoviç Poqba üçün 75 milyon avro ödəməyə hazırdır. Bu, klubun tarixində ən bahalı transfer ola bilər.
2012-ci ildə “Mançester Yunayted”dən “Yuventus”a keçən Poqbanın İtaliya klubu ilə müqaviləsi 2016-cı ildə başa çatır. Turinlilər fransız futbolçunu komandada saxlamaq üçün ona daha yaxşı şərtlərlə yeni müqavilə təklif ediblər.