Hollandiya Kral Futbol Birliyi son zamanlar yerli “Vitess” klubu ilə İngiltərə “Çelsi”si arasında yaranan çıx əlaqələri araşdırmağa başlayıb. Apasport.az saytının məlumatına görə, araşdırma Hollandiya klubunun səhmlərinin nəzarət paketinin keçmiş sahibi Merab Jordaniyanın mətbuata verdiyi açıqlama səbəb olub.
Jordaniya açıqlamasında bildirib ki, londonlular “Vitess” klubundan Hollandiya çempionatında qalib gəlməmək və Çempionlar Liqasına düşməməyi israrla xahiş ediblər. UEFA qaydalarına görə, eyni sahibi olan iki komanda eyni vaxtda eyni turnirdə iştirak edə bilməz. “Vitess”in hazırkı sahibi Aleksandr Çiqrinskinin “Çelsi”nin sahibi Roman Abramoviçlə sıx bağlılığı var. Buna görə də, Avropada bu klublara bəzi suallar yaranıb.
Maraqlıdır ki, “Vitess” çempionatın birinci yarısını çox uğurla keçirib. Amma son 10 oyundan cəmi 3-də qalib gəlib. Hazırda üçüncü yeri tutan komanda lider “Ayaks”dan 10 xal geridədir və 1 oyun çox keçirib. Artıq Hollandiya federasiyası Arnemdən olan kluba müraciət edərək sahibi barədə əlavə məlumat verməyi tələb edib.
“Çelsi” və “Vitess”in sıx əlaqələri çoxdan bəllidir. Londonlular gənc oyunçularını Arnem komandasına icarəyə verirlər. Hazırda “Vitess”də “zadəganlar”a məxsus 4 futbolçu oynayır. Hollandiyanın ən ümidverici havbeklərindən sayılan Mark van Qinkel isə əks istiqamətdə yola düşüb. Van Qinkeli “Ayaks” da almaq istəyib. Amma klubun idman direktoru Mark Overmarsın sözlərinə görə, “Çelsi” ilə xüsusi razılaşması olduğundan, “Vitess” danışıqlara belə başlamayıb.
Londonlular hələlik şərh verməkdən imtina edirlər.